...

Ədliyyə Nazirliyinin nümayəndəsi: "Hazırda Azərbaycanda şəhər, qəsəbə və kənd bələdiyyələrini birləşdirən 6 assosiasiya mövcuddur"

Cəmiyyət Materials 5 Fevral 2007 18:23 (UTC +04:00)

Hazırda Azərbaycanda şəhər, qəsəbə və kənd bələdiyyələrini birləşdirən 6 assosiasiyası mövcuddur. Trend in məlumatına görə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının fevralın 5-də keçirilən iclasında Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə 2006-cı ilə dair hesabatı təqdim edərkən belə deyib.

Onun sözlərinə görə, ölkəmizdə yaradılmış 2757 bələdiyyədə çalışan təxminən 50 min nəfərə yaxın bələdiyyə üzvünün hüquqi maarifləndirilməsi məqsədilə ötən il iki həftəlik kurslar təşkil olunub. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, habelə Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyasının dəstəyi ilə Azərbaycanda şəhər, qəsəbə və kənd bələdiyyələrini birləşdirən milli assosiasiyaların təsisi prosesi başa çatıb. Hazırda ölkəmizdə bələdiyyələrin 6 assosiasiyası mövcuddur.

Ədliyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, bələdiyyə institutunun inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, mövcud problemlərin öyrənilərək həll edilməsi daim Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin diqqət mərkəzindədir, bələdiyyələrin iqtisadi-maliyyə müstəqilliyini təmin etmək məqsədilə onlara bir sıra yeni səlahiyyətlər verilibdir.

2006-cı ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən bəhs edən Mehdi Səlimzadə konkret faktları nəzərə çatdırıb. Bildirib ki, Ədliyyə Nazirliyində bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayət xarakterli 1086 müraciətə baxılıb, il ərzində 1633 vətəndaş qəbul edilib, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı bir sıra qanun pozuntularının qarşısı alınıb, bütövlükdə 1559 hektar torpaq sahəsinin qanunsuz verilməsi ilə əlaqədar bələdiyyələrin qərarları ləğv edilib.

Hesabat məruzəsi ətrafında aparılan müzakirələrdə bələdiyyə sədrləri qarşılaşdıqları problemləri də deputatların diqqətinə çatdırdılar, yerli özünüidarə qurumlarının işinin yaxşılaşdırılması üçün təkliflər veriblər. Fikir mübadiləsinin yekununda "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" haqqında məsələ parlamentin müzakirəsinə tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti