...

Komi Respublikasında azərbaycanlıların qeydiyyata düşməsi üçün ərizələrin qəbuluna başlanacaq

Cəmiyyət Materials 20 Fevral 2007 15:19 (UTC +04:00)

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanovun başçılığı ilə nümayəndə heyətinin Komi Respublikasına işqüzar səfəri zamanı orada yaşayan azrbaycanlıların qeydiyyat probleminin həlli ilə bağlı müzakirələr aparılıb. Bu barədə Trend ə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Baş Konsul Qüdsi Osmanov Komi Respublikasının Daxili İşlər Naziri V.Silayev və Federal Miqrasiya xidmətinin rəisi V.Maksimovla görüş keçirib. Görüşlər çərçivəsində Komidə yaşayan azərbaycanlıların qeydiyyata düşmə prosesi müzakirə edilib. Yaxın zamanlarda Baş Konsulluğun Konsulu və hal-hazırda Sankt-Peterburqa ezam olunmuş DİN-nin Pasport-Qeydiyyat İdarəsinin əməkdaşlarının Komi Respublikasının şəhərlərinə ezam edilməsi qərara alınıb.

Həmçinin soydaşlarımızın qeydiyyatı prosesini sürətləndirmək üçün federal miqrasiya xidməti ilə birgə ərizələrin qəbul edilməsinə dair razılıqlar əldə olunub.

Azərbaycan nümayəndə heyəti Komi Respublikası Parlamentinin Sədr müavini A.Beznosikovla, Mədəniyyət və Milli Siyasət Naziri xanım N.Bobrova ilə də görüşlər keçirib. Bu görüşlər zamanı Komidə Azərbaycan dilində bazar günü məktəblərinin açılması və yerlərdə diasporumuzun möhkəmlənməsi, diaspor fəallarının yerli hakimiyyət orqanları ilə əlaqələrin genişləndirilməsi, bütövlükdə Komi və Azərbaycan Respublikaları arasında ikitərəfli əlaqələrin yaradılması məsələləri müzakirə olunub.

Səfərdə Q.Osmanovu Baş Konsulluğun Konsulu G.Rüstəmzadə, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini G.Həmzəyev, Arxanqelsk vilayətində Azərbaycan diasporunun sədri C.Əliyev müşayiət edirlər. Səfər davam edir.

Xəbər lenti

Xəbər lenti