...

Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsində prokuror ittiham aktını elan edib

Cəmiyyət Materials 22 Fevral 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Cavadova / Fevralın 22-də Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun və digər 10 nəfərin cinayət işi üzrə başlanan məhkəmə iclasının ikinci hissəsində prokurorlar Çingiz Şükürovla Kamran Əliyev ittiham aktını elan etməyə başlayıb.

Prokuror Çingiz Şükürov məhkəmənin nəzərinə çatdırıb ki, Əli İnsanovun mənimsəmə və vəzifədən sui-istifadə etmə cinayətləri üzrə cinayət işi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə "Azpetrol" şirkətlər qrupunun direktorlar şurasının sədri Rafiq Əliyevin ümumi cinayət işindən ayrılaraq ayrıca icraata götürülüb. İstintaq yolu ilə müəyyən edilib ki, keçmiş səhiyyə naziri dövlət mülkiyyətində olan səhiyyə obyektlərinin qanunvericiliklə müəyyən edilmiş qaydalara zidd olaraq özgəninkiləşdirmək məqsədilə onunla birlikdə təqsirləndirilən digər şəxslərlə əlbir olaraq Səhiyyə Nazirliyinin balansında olan obyektləri özəlləşdirib.

Ə.İnsanov bu yolla dövlət əmlakı hesab olunan və səhiyyə obyektlərinin balansında olan qeyri-yaşayış sahələrini oğlu Vidadi İnsanovun, qızı Ayla Ştelenin, bacısı oğlu Anar Namazovun, başqa qohumlarının və tabeçiliyində olan şəxslərin adlarına Səhiyyə Nazirliyinin balansında olan və Bakı şəhərində yerləşən 16 obyekti qanunsuz özəlləşdiririb.

2004-cü ilin oktyabr ayından həmin ilin iyul ayına kimi Büdcədənkənar tibbi xidmət idarəsinin rəisi Vəkil Abbasovdan 200.000 ABŞ dolları məbləğində rüşvət alıb.

Bundan başqa, Əli İnsanov özünün kəşf etdiyi "İnsanavit" dərman preparatından əldə etdiyi külli miqdarda şəxsi gəlirdən dövlətə vergi ödəməkdən yayınıb. Digər epizodda isə qeyd olunur ki, Ə.İnsanov Nazirliyin Əczaçılıq və tibbi texnika şöbəsinin müdiri Akif Məhərrəmovla, həmin şöbənin mütəxəssisləri Eldar Rzayevlə, Hacı Əliyevlə, Şövqi Cəfərovla və digərləri ilə əlbir olaraq dərman vasitələrinin topdan satış və pərakəndə satışını həyata keçirmək üçün apteklər, aptek məntəqələri və aptek köşkləri sahiblərinə qanunvericiliyin tələblərini pozmaqla rüşvət almaqla lisenziyalar verib. Keçmiş nazir 1997-ci ildən 2005-ci ilin yanvar ayınadək cəmi 129 nəfərə lisenziya verilməsi üçün 121.000 ABŞ dolları məbləğində rüşvət alıb.

Bundan əlavə, keçmiş nazir qanunsuz sərəncamlar verməkdə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında müvəffəqiyyət qazanmayanları külli mirqdarda rüşvət alaraq qanunsuz yolla tibb məktəblərinə qəbul etdirməkdə təqsirləndirilir.

Qeyd edək ki, Ə.İnsanov rüşvətalma, vəzifədən sui-istifadə etmə maddələri ilə təqribən 30-a yaxın epizodda təqsirləndirilir.

Məhkəmə iclası ittiham aktının oxunuşu ilə davam edir.

Qeyd edək ki, məhkəmə qarşısında Əli İnsanovla yanaşı Səhiyyə Nazirliyinin Büdcədənkənar tibbi xidmət idarəsinin rəhbəri Vəkil Abbasov, bacısı oğlu Anar Namazov, SN Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Aleksandr Ufnyaşkin, SN kadrlar, elm və təhsil şöbəsinin müdiri Nazim İbrahimov, "Vita Medikal Center" MMC-nin direktoru Fəxrəddin Abbasov, SN əczaçılıq və tibbi texnika şöbəsinin rəisi Eldar Rzayev, SN əczaçılıq və tibbi texnika şöbəsinin mütəxəssisi Şövqi Cəfərov, "Passaj-Aptek" ASC-nin idarə heyətinin sədri Fuad Mahmudov, əczaçılıq və tibbi texnika şöbəsinin mütəxəssisi Hacı Əliyev, "Göz xəstəlikləri üzrə əlillərin respublika reabilitasiya mərkəzi"nin direktoru Pərviz Kazımov da dayanıb. Ə.İnsanov istisna olmaqla, digər şəxslər zamindədirlər.

Xəbər lenti

Xəbər lenti