...

Deputat Azay Quliyev : " Ramil Səfərovun işi ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik "

Cəmiyyət Materials 23 Fevral 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Macarıstanda erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun işi ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq. Bu barədə Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının üzvü, millət vəkili Azay Quliyev məlumat verib.

A.Quliyev qeyd edib ki, Macarıstanın Apellyasiya Məhkəməsinin Ramil Səfərovun ömürlük azadlıqdan məhrum edilməsi haqqında hökmü qüvvədə saxlaması ədalətsiz qərardır.

"Ona görə də hökmdən Macarıstanın Ali Məhkəməsinə şikayət verdikdən sonra İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etməliyik. Bu hüquqi müstəvidə apardığımız mübarizədə son instansiya olacaq. Biz əl-qolumuzu yanımıza salıb, prosesləri kənardan izləməməliyik", -deyə deputat əlavə edib.

Xatırladaq ki, fevralın 21-də Macarıstanın Apellyasiya Məhkəməsi Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramil Səfərovun ömürlük həbs cəzasına məhkum olunması haqqında hökmü qüvvədə saxlayıb. R.Səfərov Ermənistan ordusunun zabiti Qurgen Markaryanı öldürməkdə günahkar bilinir.

Xəbər lenti

Xəbər lenti