...

Dövlət Komitəsi: Dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının 15 illiyinə həsr olunmuş tədbirlər keçirildi

Cəmiyyət Materials 28 Fevral 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində soydaşlarımızın keçirdiyi tədbirlər, etiraz aksiyaları barədə məlumat yayıb.

Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzində - Vatslav meydanında, həmçinin Lidiçe muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Londonda Azərbaycanlı Gənclər Klubu və "Caspian-Khazri"nin təşkilatçılığı ilə soyqırımın ildönümü qeyd edilib. Almaniyanın Frankfurt şəhərinin "ZEIL" meydanında Frankfurt İqdırlılar Cəmiyyəti, Frankfurt Azərbaycan Cəmiyyəti və Maynz Azərbaycan Cəmiyyətinin dəstəyilə mitinq keçirilib. Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə Vyananın mərkəzi küçələrindən olan "Mariahilfer strasse"də soyqırıma həsr olunmuş yürüş-mitinq keçirilib.

Fransanın Strasburq şəhərindəki Brogli meydanında Azərbaycan Evinin təşəbbüsü ilə mitinq olub. Soyqırımla bağlı tədbirlər Strasburqla tələbə yataqxanasının akt zalında davam etdirilib. Trokaderoda Azərbaycan Fransa Gənclik Assosiasiyasının (AFGA) təşkilatçılığı ilə Xocali faciəsini anma mərasimi keçirilib. İsveçrənin Bern şəhərinin mərkəzində, həmçinin Kanadanın Toronto şəhərindəki Ontario Parlament binasının önündə Xocalı soyqırımının ildönümü ilə əlaqədar nümayiş keçirilib.

Xocalı soyqırımının 15-ci ildönümünü Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən Avstraliya Azərbaycanlılar Cəmiyyəti (AAC) türk və İraq türkmənləri icmaları ilə birgə qeyd ediblər. Türkiyənin Ankara, İstanbul, İzmir şəhərlərində Xocalı soyqırımının 15-ci ildönümü münasibəti ilə bir sıra tədbirlər həyata keçirilib. İsveçin Höteborg şəhərində də İsveç-Azərbaycan Federasiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti isə Danimarkanın Fredensborq şəhərində elmi konfrans keçirib. Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan İctimai Birliyi və "Türkel" Fondunun təşəbbüsü ilə Bişkekdə, Gürcüstanın Marneuli şəhərində soyqırımın 15-ci ildönümünə həsr olunmuş anma mərasimləri təşkil edilib. ABŞ-ın paytaxtı Vaşinqtonda və Texas statının Hyuston şəhərində də analoji tədbir olub. İldönüm tədbirləri Rusiya (Moskva, Sankt-peterburq), İsveç (Stokholm), Norveç (Oslo), Kıbrıs (Lefkoşa), Yaponiya (Osaka) və başqa ölkələrdə də təşkil olunub.

Xəbər lenti

Xəbər lenti