...

Türkiyə Səfiri: "Diasporlarımızın birliyi yönündə Azərbaycanın başladığı işlərə böyük önəm verir və təqdir edirik"

Cəmiyyət Materials 7 Mart 2007 18:19 (UTC +04:00)
Türkiyə Səfiri: "Diasporlarımızın birliyi yönündə Azərbaycanın başladığı işlərə böyük önəm verir və təqdir edirik"

Azərbayacan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Trend in Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Avni Karslıoğlu ilə müsahibəsi

- Cənab səfir, martın 9-da Bakıda keçiriləcək Azərbaycan-Türk diasporlarının birinci Forumunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Mən bu Foruma böyük dəyər verirəm və bu təşəbbüsü irəli sürən cənab prezident İlham Əliyevə, təşkil edən cənab Nazim İbrahimova təşəkkürlərimi bildirirəm. Belə tədbirlər türk dünyasının yaxınlaşması, təşkilatlanması baxımından çox önəmlidir. Əvvəllər Türkiyədə də bu tipli tədbirlər olub, lakin onları QHT-lər təşkil edib və daha çox siyasi xarakter daşıyıb. Bakıda keçiriləcək Forum isə bir qədər fərqli olacaq, daha çox xaricdəki türk icmalarını, dərnək və təşkilatlarını, türk millət vəkillərini bir araya gətirəcək.

- Bu Foruma Türkiyə tərəfdən hansı hazırlıqlar görülür və kimlər iştirak edəcək?

- Əsasən bir mətn üzərində hazırlıq görülür, amma bu ortaq bir mətn olmalıdır, yəni, mənim, sənin deyil, bizim ortaq fikrimizi əks etdirməlidir. Türkiyə tərəfdən Forumda çıxışlar olacaq. Xaricdə yaşayan türklərin fikirlərini öyrənmək lazım gələcək, vahid bir xətt - məcazi dildə desək, yol xəritəsi hazırlanacaq. Forumda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, dövlət naziri Memet Aydın, bir sıra millət vəkilləri və digər nümayəndələr iştirak edəcək. Hörmətli baş nazirimiz Ərdoğan Azərbaycan prezidenti, sayın İlham Əliyevə şəxsi münasibətindən və dövlət görəvindən irəli gələrək çox böyük dəyər verir. Nəzərə alsaq ki, Türkiyədə ən yüksək icra orqanı Baş Bakanlıqdır, o zaman sayın Ərdoğanın iştirakı Türkiyənin bu toplantıya nə qədər yüksək önəm verdiyini göstərir.

Bir çox Avropa ölkələrində olan türk millət vəkillərinin adlarını təqdim etmişik ki, Foruma dəvət olunsunlar, gəlib Azərbaycanla bağlı həqiqətləri bilsinlər, gerçək vəziyyəti Avropada yaysınlar. Türkiyənin xarici işər naziri Ablullah Gül də Avropadakı türk millət vəkillərini martın 9-da Bakıda keçiriləcək Forumda iştirak etməyə çağırıb.

Azərbaycan və Türkiyənin xaricdəki diasporlarının birlik, əməkdaşlıq səviyyəsi Sizin ölkəni qane edirmi? Türkiyə hökuməti bu birliyin güclənməsi üçün nə kimi təkliflərlə çıxış edəcək?

Təəssüf ki, diasporlar arasıda əlaqələr çox da sıx deyil, çünki hər kəs öz işi ilə məşğuldur. Amma gəlin bu məsələyə Azərbaycan və Türk dərnəklərini bir-birindən ayıraraq yanaşmayaq. Türk dərnəklərinin özlərinin arasında çox yaxın bağlar yoxdur. Onları yaxınlaşdırmağa çalışırıq, amma bu, insanların öz istəyi, təşəbbüsləri ilə baş tutmalıdır, özləri bu işə can yandırmalıdırlar. Xaricdə yaşayan soydaşlarımıza yanaşmada diqqətli olmaq lazımdır, millətimizi sağçı-solçu, sünni-şiə, iqtidar-müxalifət və sair kimi yönümlərə bölmək lazım deyil. Çünki belə ayırmalar millətimizə çox böyür zərər vurur. Bu baxımdan xaricdəki diasporlarımız arasında etnik, dini təriqət, düşüncə, əqidə birliyini təmin etmək lazımdır. Hamımız türkük və müsəlmanıq, digər millətlərin nümayəndələri də bizimlə qaynayıb-qarışıb. Xaricdə hər kəs öz işini görsün, öz təşkilatını yaratsın, amma ortaq maraqlar tələb edəndə hamısı bir araya gəlsin. Mən azəri, türk, iranlı anlayışlarını düzgün hesab etmirəm. Azəri anlayışı sovetlər dönəmində edilən süni ayırmadır. Amma bu işlər bir gündə həllini tapan məsələlər deyil. Azərbaycanın diasporların birliyi yönündə başladığı işləri təqdir edirik.

Mən xaricdəki Azərbaycan və türk diasporları fikrinin də xaricdəki türk dərnəkləri kimi ifadə olunmasının tərəfdarıyam. Məsələn, xaricdəki hansısa Azərbaycan və türk dərnəkləri bir-biri ilə çox yaxın ola bilər, amma başqa iki Azərbaycan dərnəyi yaxın olmaya bilər. Bunlar sarmaşıq kimidir, biri-birinə sıx dolaşıb. Biz Türkiyədən çıxmış və xaricdə təşkilatlanmış dərnəklərimizin önəmini yeni-yeni qavrayırıq, belə gecikməkdə hamımızın səhvi var. Bəzi təşkilatları, dərnəkləri özümüzdən xaric etdik, yəni, məsələn, "sən ifrat millətçisən", "sən solçusan", "sən müxalifətsən" və sair kimi fikirlərlə yanaşdıq. Amma daxildəki fərqliliyi xaricə daşımamaq və xaricdə bütöv olmaq lazımdır.

- Azərbaycan və türk diasporlarının birgə səyləri həm də yalançı erməni iddialarının qarşısını almağa yönəlməlidir. Erməni təbliğatını iflasa uğratmaq üçün Türkiyə nə kimi tədbirlər görür?

- Erməni iddialarını tam iflasa uğratmaq asan iş deyil, əlbəttə ki, bu yöndə Türkiyənin çalışmaları var. Ötən əsrin əvvəllərində baş vermiş olaylara ermənilər "soyqırım" deyir, biz "1915-ci il hadisələri" deyirik. Çünki o hadisələr dövründə türklərə qarşı da soyqırım edildi, 1918-ci ildə az qala Bakı da məhv ediləcəkdi. Ermənilər, ruslar, bolşeviklər, hətta ingilislərin türklərə və türklərlə bir yerdə olan insanlara qarşı həyata keçirdikləri qətliamlar tarixdən məlumdur. Əslində ermənilər heç də məsum deyillər və indi də Azərbaycan torpaqlarının işğalını davam etdirirlər. Əvvəlki əsrlərdə erməniləri kimlər dəstəkləyiblərsə, arxasında dayanıblarsa, indi də onların dəstəyi davam edir. Ermənilərə dəstək gəlməsə, bu qədər vaxtı torpaqları işğal altında saxlaya bilərdilərmi?

- Sizin hökumətiniz Dağlıq Qarabağ probleminin çözülməsində bundan sonra daha hansı dəstəyi göstərməyə hazırdır?

- Türkiyə hesab edir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti belə davam etməməlidir. 15 ilə yaxındır Minsk qrupu bura səfərlər edir, görüşlər keçirir, vaxt uzadırlar. İlk başdan təşkilat fəaliyyəti dövründə hər gün bir metr irəliləyişə nail olsaydı, indiyə problem tam həllini tapmışdı. Əgər həll olunmayıbsa, deməli, qrup heç bir irəliləyiş də etməyib. İnsan son nəticədə öz gücünə və haqlı olduğuna güvənməlidir. Başqalarından mədət ummaq lazım deyil. Təbii ki, beynəlxalq hüquq normaları tələb olunursa, onda buyursunlar beynəlxalq qanunlara, BMT-nin, ATƏT-in, Avropa Şurasının standartlarına əməl olunmasını təmin etsinlər. Bildirmək lazımdır ki, əgər sən etmirsənsə, onda mən özüm edərəm.

Türkiyə hər kəsdən - amerikalılardan, avropalılardan hər zaman tələb edir ki, bu konflikti çözün, münaqişə sonsuzadək davam edə bilməz. Qanla, müharibə ilə heç kəs fayda götürməyəcək, sülh yolu ilə həllinə çalışın.

- Müxtəlif zamanlarda Türkiyə ilə Ermənistanın rəsmi nümayəndələri arasında görüşər keçirilib və bunlar ictimaiyyətə sonradan məlum olub. Hazırda Türkiyə ilə Ermənistan tərəfi arasında hər hansı danışıq varmı?

- Ümumiyyətlə, mən hesab edirəm ki, düşmənçilik sonsuza qədər davam edə bilməz. Azərbaycan-Ermənistan, Türkiyə- Ermənistan sərhədləri sonsuza qədər qapalı qalmayacaq, çünki biz qonşuyuq. Əvvəllər Türkiyə Bolqarıstanla qanlı-bıçaq idi. Bolqarıstandan türkləri sürgün etdilər, adlarını zorla dəyişdirirdilər, Ahısqalılara edildiyi kimi, bir gecədə türkləri vaqonlara doldurub göndərdilər üstümüzə. Münasibətlərimiz bu qədər pis idi, amma sonradan "Varşava paktı" imzalandı, NATO araya girdi və müharibə olmadı. Zaman keçdi, vəziyyət dəyişdi və bu gün Türkiyənin ən yaxın qonşularından biri Bolqarıstandır və münasibətlərimiz də çox yaxşıdır. Bunu ermənilərə də deyirik ki, düşmənçilikdən, 1915-ci il hadisələrini şişirtməkdən əl çəkin. Axı siz də insanları qətlə yetirdiniz, hər iki tərəfdən əziyyət çəkənlər oldu. Amma ermənilər xaricdəki diasporlarına düşmənçiliyi, qondarma iddialarını təlqin edir, onların beynini qətliam mövzusuyla doldururlar. Belə olan halda da ermənilər sağlam düşüncəyə malik ola bilməzlər. Əgər sərhədləri açmaq istəyirlərsə, əvvəlcə bu düşmənçiliyi dayandırmalıdırlar. Biz təklif edirik ki, hər iki tərəfdən tarixçilər bir araya gəlib ortaq bir komissiya yaradılsın, tarixi hadisələri incələsinlər.

Mən erməni millətindən olan insanları düşmən kimi görmürəm, çünki insan özü çox dəyərlidir, Allahın yaratdığı varlıqdır. Biz sadəcə ermənilərin şovinist düşüncələrinə qarşıyıq. Ona görə də hesab edirəm ki, hər iki sərhəd açılacaq, amma bunun üçün gərəkli şərait yetişdiyi zaman.

- Son zamanlar Azərbaycanla Türkiyə arasında hərbi sahədə yüksək rütbəli məmurların qarşılıqlı səfərləri olur. Bu, hərbi əməkdaşlığın genişləndirilməsi kimi başa düşülə bilərmi?

- Belə qarşılıqlı səfərlər başqa ölkələrlə də sıx-sıx edilirmi? Təbii ki, bu əməkdaşlıq Türkiyə ilə Azərbaycan arasında daha sıx olacaq. Çox güman ki əməkdaşlıq genişləndiyi üçün qarşılıqlı səfərlər də edilir. Mən düşünürəm ki, Azərbaycanda yetişən zabitlər, Nuri paşalar Türkiyənin nuri paşalarıdır. Burada Nuri Paşa təbliğ olunmalı, onun bir heykəli qoyulmalıdır ki, insanlar baxıb xatırlasınlar ki, buraya yüksək rürtbəli komandirlər, generallar gəlib.

- BTC, Bakı-Ərzurum-Qars, Bakı-Axalkalaki-Qars. Artıq bir neçə böyük regional layihədə üç qonşu dövlət - Azərbaycan, Türkiyə və Gürcüstan işbirliyindədir, ortada olan Ermənistan isə bütün işlərdən kənarda qalıb. Bu birliyi işğalçı ölkənin iqtisadi, siyasi nüfuzuna zərbə hesab edirsinizmi?

- Əvvəla, mən bu regional layihələrə çox böyük dəyər verirəm. Hazırda xəttin Bakı-Axalkalaki-Qars dəmir yolu hissəsinin Türkiyə ərazisində Qarsdan Ermənistan sərhədinə qədər olacaq hissəsində əhali ilə anlaşma prosesi gedir. Çünki oralar özəl ərazilərdir, dövlət əhaliyə pul verib həmin torpaqları alacaq. Bunun üçün Fond da yaradılıb və hazırda sənədləşmə işləri bitmək üzrədir. Bu il iyunun sonu, ya da iyul ayının əvvəlində tikinti işlərinə başlanacaq və təməlqoyma mərasimi keçiriləcək. Bu dəmir yolu ilə gedən yük Parisdə, Kiyevdə, Afinada alına biləcək. Bundan başqa Bosfor boğazının altında paralel tikinti yapılır, bütün bunlar fövqəladə önəmli işlərdir. Bakı-Tbilisi-Ərzurum qaz xətti isə mart ayında xidmətə başlayacaq. O ki qaldı Ermənistana, onu nə Türkiyə, nə də Azərbaycan kənarda saxlayıb. Ermənistan özü-özünü bütün bu işlərdən kənarda qoydu. Hələ Bakı-Ceyhan xətti üzərində düşünülən zaman bu kəmərin Ermənistandan keçmək ehtimlı var idi və bu marşrut daha tez, daha az xərclə başa gələ bilərdi. Amma Ermənistan savaşı bitirmədi və bu imkanı özü itirdi. Özü yıxılan isə ağlamaz.

- May ayında Türkiyədə prezident seçkiləridir və parlamentdəki çoxluğun R.T.Ərdoğanın namizədliyini verəcəyi ehtimal edilir. Hərbçi qüvvələrin isə Ərdoğanı dəstəkləmədiyi bildirilir, əslində gerçək durum nədər ibarətdir?

- Hərbçilərlə baş nazir arasında qarşıdurmalar olması haqda yazılanlar tamamilə spekulyasiyadır. Bəlkə də bəzi çevrələr tərəfindən arzulanan işdir. Amma Türkiyədə qanunlar nəyi tələb edirsə, o da olacaq. Hazırda hökumət vəzifə başındadır, iqtisadiyyat, idarətetmə qaydasındadır və ölkə Avropa Birliyinin qaydalarına doğru irəliləyir. Seçkilərdə namizədlər isə yalnız aprelin 15-də məlum olacaq. Tələb olunan şərtlərə uyğunlaşan hər kəs namizəd ola bilər. Seçkilər parlmentdə açıq şəkildə keçiriləcək və televiziya ilə canlı yayımlanacaq. Seçkilərdən sonra yeni rəhbərliyin dövründə də Azərbaycanla ilişgilərdə heç bir dəyişiklik baş verməyəcək, ancaq müsbət irəliləyişlər ola bilər.

Xəbər lenti

Xəbər lenti