Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Azərbaycan yığmasının futbolçusu Ernani Pereyra Çimkənddə komandanın ikinci yer tutduğu Alma TV Kubokunun yekunlarına görə ən yaxşı müdafiəçi elan olunub.
Trend in məlumatına əsasən, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kollektivlərinin iştirak etdiyi turnirin simvolik yığmasında kifayət qədər əminliklə oynayan yığmamızın braziliyalı oyunçusuna da yer tapılıb. Belə ki, oynanılmış üç matçda komanda cəmi bir qol buraxıb və burada da müdafiənin əhəmiyyətli rolu var.
Dream Team-ə həmçinin qolkiper, Özbəkistanı təmsil edən İqnati Nesterov və forvard Aleksandr Qeynrix, o cümlədən ən yaxşı yarımmüdafiəçi olan qazax Eduard Sergienko daxil olub. Yarışın ən yaxşı bombardiri vurduğu üç qolla özbək Uluqbəy Bakayev, ən yaxşı oyunçu isə Qazaxıstandan Maksim Jalmaqambetov olub.