...

ABŞ və Azərbaycan alimləri Qafqaz və Xəzərdəki geoloji təhlükəni birgə öyrənirlər

Cəmiyyət Materials 13 Mart 2007 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Qafqaz və Cənubi Xəzərdəki geodinamik proseslər, deformasiyalar yalnız regionun deyil, Avropa və Amerika alimlərinin də əsas tədqiqat obyektlərindəndir.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, indiyəcən bu sahədə xeyli elmi layihə həyata keçirilib. 2006-cı ilin sentyabrında icrasına başlanılan "Ərəbistan-Avrasiya plitələrinin toqquşduğu zonadakı deformasiyaların dinamikasının tədqiqi" adlanan beynəlxalq layihə ABŞ-ın Milli Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilir və 2010-cu ildə bitəcək. Layihənin rəhbərləri ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun professoru Robert Reylinger və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun "Geotektonika və geodinamika" şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Fəxrəddin Qədirovdur.

Fəxrəddin Qədirovun sözlərinə görə, tədqiqatlar Avrasiya və Ərəbistan plitələrinin qovuşduğu ərazidəki yer qabığında daim baş verən yerdəyişmələrin əsasında aparılacaq və iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə Xəzərin qərb sahilindəki deformasiyalar öyrəniləcək. İkincidə isə, Kiçik Qafqazda və Kür çökəkliyində toplanan geodinamik gərginliyin xarakteri, xüsusilə də hərəkət edən bir plitənin digərinə təsiri barədə dəqiq məlumatlar əldə ediləcək, bu məlumatların əsasında zəlzələ təhlükələri daha doğru qiymətləndiriləcək. Layihə ilə əlaqədar bəzi işlər - bu ilin yayında Geologiya İnstitutunda GPS-lə (qlobal yertəyinetmə sistemi) müntəzəm izləmə stansiyaları qurmaq, Xəzərin Azərbaycan sahillərində tədqiqat məntəqələri təşkil etmək, əldə olunacaq GPS məlumatlarını əvvəlki geoloji və geofiziki məlumatlarla birgə analiz etmək, Ərəbistan və Avrasiya plitələrinin toqquşma zonasındakı deformasiyanın modelini təkmilləşdirmək və s.-lər planlaşdırılıb.

Üçüncü iştirakçı ölkə Türkmənistandır. Belə ki, Cənubi Xəzərin şərq hissəsində də 2 GPS stansiyası yaradılacaq, Kopet sıra dağlarında da bir sıra tədqiqatlar aparılacaq.

ABŞ və Azərbaycan alimləri Qafqazda yer qabığının deformasiyası ilə əlaqəli tədqiqatları əvvəllər də aparmışlar. Alimlərimiz həmin layihələrdə Azərbaycanı icraçı ölkə kimi təmsil edib. Hazırkı layihədə isə, ölkəmiz ilk dəfə olaraq ABŞ ilə həmrəhbər kimi iştirak edir. Həmçinin, layihə regiondakı neft və qaz terminallarının, borularının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qafqaz və Cənubi Xəzər geoloji baxımdan dünyanın ən fəal və təhlükəli zonalarındandır. Həmin regionlarda geodinamik şərait daim gərgindir və bu səbəbdən deformasiya (yerdəyişmə) prosesləri də aktivdir. Bu, hazırda əsasən zəlzələ, palçıq vulkanlarının püskürməsi, sürüşmə, çökmə və s. kimi təbiət hadisələrinin intensivliyi ilə müşahidə edilir. Deformasiyalar yollar, ərazilər, boru kəmərləri və s.-lərin dağılmasına da səbəb olur.

Xəbər lenti

Xəbər lenti