...

Yayım firmaları qəzetlərə tələbatın olmamasından, redaktorlar isə nəşrlərin ölkə ərazisinə yayılmamasından narazıdırlar

Cəmiyyət Materials 14 Mart 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda mətbu nəşrlər, xüsusilə Bakıda nəşr olunan qəzetlər ölkənin təxminən 70 faiz ərazisinə yayılmır. Bu məlumat Mətbuat Şurasının təşkilatçılığı ilə martın 14-də keçirilmiş "Mətbu nəşrlərin yayımı, mövcud problemlər və onların həlli yolları" mövzusunda dəyirmi masada səslənib.

Ölkənin aparıcı gündəlik qəzetlərinin baş redaktorları nəşrlərin çox hissəsinin köşklərdən geri qayıtdığını, həmçinin səyyar satışla bağlı problemlər olduğunu deyiblər. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qəzetlərin yayılması üçün Azərbaycanın kəndlərinə poçtalyon xidməti yaradılmasını təklif edib. Onun sözlərinə görə, qəzetlərin satışından gələn gəlir redaksiyaları qane etmədiyindən təxminən mayda qəzetlərin qiyməti yenidən qaldırılacaq.

"Qasid" yayım firmasının nümayəndəsi Ramiz Qurbanov əksər qəzetlərin təxminən 80 faizinin satılmayaraq geri qaytarıldığını deyib. Onun sözlərinə görə, yayım firması qəzetlərin bütün nüsxələrini qoruyub-saxlayır, sonra sahibinə geri təhvil verir, lakin bu zəhmətinin müqabilində satılmayan nüsxələrin haqqını almır. "Qaya" Mətbuat Yayımı Firmasının rəhbəri Xanhüseyn Əliyev, "Azərmətbuatyayım" firmasının rəhbəri Vüqar Səfərli də qəzetlərə tələbatın aşağı olmasından və bu səbəbdən az satılmasından şikayətləniblər.

Bir sıra qəzet redaktorları isə qəzet köşklərində qəzetlərin təbliğ olunmasından daha çox, başqa məhsulların satılmasına etirazlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti