...

Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsində şahidlər dindirilir

Cəmiyyət Materials 15 Mart 2007 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Cavadova/ Martın 15-də Ağır cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun və onunla birlikdə mühakimə olunan 10 nəfərin məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib. Əli İnsanov başda olmaqla təqsirləndilirən bütün şəxslərə rüşvət alma, rüşvət vermə, vəzifədən sui-istifadə, qanunsuz özəlləşdirmə cinayətləri ilə əlaqədar ittihamlar verilib.

Məhkəmədə dindirilən şahid Əli Məmmədov ifadəsində göstərib ki, aptek sahibidir. Lisenziya almaq üçün Səhiyyə Nazirliyinə gələrək lisenziya şöbəsinin əməkdaşı Hacı Əliyevə müraciət edib. Hacı Əliyev lisenziya müqabilində Əli Məmmədovdan 1000 ABŞ dolları tələb edib. Şahidin sözlərinə görə, tələb olunan məbləği ödədikdən sonra ona lisenziya verilib. Təqsirləndirilən şəxs Hacı Əliyev vətəndaş Əli Məmmədovdan lisenziya üçün 1000 ABŞ dolları məbləğində rüşvət aldığını məhkəmədə etiraf edib. Məhkəmənin nəzərinə çatdırıb ki, həmin pulu əczaçılıq və tibbi texnika şöbəsinin müdiri Akif Məhərrəmova verib. Akif Məhərrəmov isə həmin puldan ona 100 min manat (köhnə AZN) qaytarıb (Qeyd edək ki,Akif Məhərrəmov da hazırda təqsirləndirilən şəxslər arasındadır).

Sonra məhkəmədə imtahandan kəsilmiş abituriyenlərin tibb məktəbinə qanunsuz qəbul edilməsi epizodu ilə bağlı şahid qismində 1 saylı tibb məktəbinin direktoru Həqiqət Həmzəyeva dindirilib. H.Həmzəyeva ifadəsində göstərib ki, 2004-cü ildə Səhiyyə Nazirliyinin məktubu əsasında 247 abituriyent 1 saylı tibb məktəbinə tələbə kimi qəbul edilib. Şahid: "Həmin tələbələr ali məktəblərə test imtahanı ilə daxil ola bilməyən gənclər idi. Biz bu tələbələrin gələcəkdə diplomla hansı şəkildə təmin olunacaqları barədə maraqlananda Əli İnsanov bildirmişdi ki, bu məsələ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə razılaşdırılıb və tələbələrə diplomun verilməsi məsələsini də Dövlət Komissiyası həll edəcək" - deyə şahid ifadəsində göstərib.

Məhkəmə iclası şahid ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti