...

Keçmiş səhiyyə naziri Əli İnsanov və vəkilinin məhkəmə tərkibinə növbəti etirazı qəbul olunmayıb

Cəmiyyət Materials 16 Mart 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova / Martın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanov və onunla birlikdə mühakimə olunan 10 nəfərin məhkəməsi şahidlərin dindirilməsi ilə davam etdirilib. Əli İnsanov başda olmaqla təqsirləndilirən bütün şəxslərə rüşvət alma, rüşvət vermə, vəzifədən sui-istifadə, qanunsuz özəlləşdirmə cinayətləri ilə əlaqədar ittihamlar verilib.

Əli İnsanov və vəkili Ağaveys Şahverdinin məhkəmə tərkibinə növbəti dəfə etirazları ilə bağlı qaldırdıqları vəsatət qəbul olunmayıb.

Sonra məhkəmədə Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin nümayəndəsi Qəhrəman Əliyevin dindirilməsi başlanıb. Lakin hakimlər və vəkillər nümayəndəyə özəlləşdirilmiş müxtəlif obyektlərlə bağlı suallar versələr də, nümayəndə sualları cavablandıra bilməyib. Hakim Qəhrəman Əliyevə məhkəməyə gələrkən nəyə görə hazırlaşmaması ilə bağlı irad tutub və ona hazırlaşmaq üçün martın 19-dək vaxt verib.

Daha sonra Bakıdakı 7 saylı poliklinikanın özəlləşdirilməsi epizoduna dair mülki cavabdeh qismində Bakı şəhər sakini Şahin Hüseynov dindirilib. Mülki cavabdeh ifadəsində göstərib ki, özəlləşdirdiyi poliklinikanın Səhiyyə Nazirliyinə heç bir aidiyyəti yoxdur. "Mən poliklinikanı özəlləşdirərkən həmin obyekt Mənzil istismar Sahəsinin balansında idi. Özəlləşdirmə ilə bağlı arayışı da Mənzil İstismar Sahəsindən alaraq Özəlləşdirmə Departamentinə təqdim etmişəm" - deyə mülki cavabdeh ifadəsində göstərib.

Məhkəmə iclası davam ediir.

Xəbər lenti

Xəbər lenti