...

Apellyasiya Məhkəməsi millət vəkilinin barəsindəki həbs qərarını qüvvədə saxladı

Cəmiyyət Materials 30 Mart 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Apellyasiya Məhkəməsində hakim Ələkbər Quliyevin sədrliyi ilə bu gün millət vəkili Hüseyn Abdullayevin Nəsimi rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Abdullayevin vəkili Kamandar Nəsibov Trend ə bildirib ki, Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və onun barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Şikayətdə Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı, girov və ya zaminə buraxılıma qətimkan tədbirləri ilə əvəzlənməsi xahiş olunub.

Vəkil Kamandar Nəsibov bildirib ki, onun vəsatəti əsasında Abdullayev tibbi müayinədən keçirilib. Müayinənin nəticələrinə görə, Abdullayevin səhhəti kafi qiymətləndirilib və onun istintaq təcridxanasının tibb hissəsinə köçürülməsi məqsədə müvafiq hesab olunmayıb.

Vəkil millət vəkili Fəzail Ağamalının barəsində cinayət işi açılması üçün sabah Baş Prokurorluğa vəsatətlə müraciət edəcəyini deyib.

Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə o həbs edilib. Abdullayev hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq maddələri) ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti