...

Keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi ifadələrin elanı ilə davam edir

Cəmiyyət Materials 3 Aprel 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Cavadova/ Aprelin 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun və onunla birlikdə mühakimə olunan 10 nəfərin məhkəməsi məhkəmə iclasında iştirak etməmiş şahidlərin ibtidai istintaqa verdikləri ifadələrin elanı ilə davam etdirilib.

Günün birinci yarısı dövlət ittihamçısı Kamran Əliyev Bakı Baş Apteklər İdarəsinin rəisi Kamal Tağızadənin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. İfadədə göstərilib ki, Səhiyyə Nazirliyinin Büdcədənkənar tibbi xidmət idarəsinin müdiri Vəkil Abbasov Baş Apteklər İdarəsinə gələrək idarənin qısa müddətdə başqa ünvana köçürülməsi ilə bağlı Əli İnsanovun göstərişini çatdırıb. Bundan sonra İdarə Bakı şəhəri, Əlizadə küçəsi 6 ünvanından başqa yerə köçürülüb.

Lakin Əli İnsanov və Vəkil Abbasov bu ifadə ilə razılaşmayıblar. Əli İnsanov bildirib ki, Bakı Baş Apteklər İdarəsinin köçürülməsi ilə bağlı göstərişi olmayıb. "Tağızadə elə bir adamın qohumudur ki, onu yerindən tərpətmək mümkün deyildi. Sadəcə mən həmin şəxsin adını burada açıqlamaq istəmirəm. Mən Tağızadəyə idarəni köçürməklə bağlı göstəriş verə bilməzdim" - deyə Əli İnsanovun məhkəmənin nəzərinə çatdırıb.

Vəkil Abbasov isə məhkəmənin nəzərinə çatdırıb ki, idarənin köçürülməsi Kamal Tağızadənin öz istəyi ilə olub. "O, idarənin yeni ünvanını əvvəlkindən daha çox bəyənmişdi" - deyə V.Abbasov bildirib.

Məhkəmə iclası sənədlərin elanı ilə davam edir.

Xəbər lenti

Xəbər lenti