...

Azərbaycana daşınan narkotiklər Dağlıq Qarabağda becərilirmiş

Cəmiyyət Materials 20 Aprel 2007 17:06 (UTC +04:00)

Baku, 19 aprel/ müx. TrendLife E.Cavadova /

Aprelin 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Sədrəddin Hacıyevin sədrliyi ilə ötən ilin martında MTH əməkdaşları tərəfindən yaxalanmış dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Müttəhimlər kürsüsündə oturan 6 nəfər uzun müddət narkotik maddə alverilə məşğul olmaqda təqsirli bilinir. Onlardan ikisi İran vətəndaşları Cəfər Pənahi və onun qardaşı Xudam Pənahidir. Dəstənin satdığı narkotikləri Azərbaycana məhz bu şəxslər gətirirmiş. Burada isə əvvəllər məhkum olunmuş Leyla Məmmədova, Alik Həziyev, Samir Hüseynov və əvvəllər məhkum olunmuş Həsən Babayev həmin "malın" satışıyla məşğul olub. Onlardan yalnız Həsən Babayev zamindədir.

İttiham aktından məlum olur ki, ötən ilin fevral-mart aylarında istintaqa məlum olmayan Cəmşid Abdullahi adlı İran vətəndaşı mütəşəkkil dəstə yaradıb. Həmin dəstənin üzvləri hazırda müttəhimlər kürsüsündə otursa da, dəstə başçısı hələ də axtarışdadır. Dəstə üzvləri C.Abdullahidən külli miqdarda narkotik maddə alaraq Azərbaycan ərazisində satıblar. Onlar əsasən həşiş, heroin, marixuana və digər narkotik maddələri qanunsuz yola İrandan əldə edərək ölkəmizə gətirərək burada satıblar. Həmin malları İrandan Xudam Pənahi alırmış. Burada isə qardaşı Cəfər müştəri taparaq satmağa başlayıb. Xudam Pənahi bu ilin mart ayının sonlarında İranın Parsabad vilayətindən 5 kiloqrama yaxın narkotik maddə alaraq qeyri-qanuni yolla Füzuli rayon Horadiz qəsəbəsinə keçirib. Burada malları Cəfər qarşılayıb. O, həmin malları qohumu Alik Həziyevin maşını ilə Bakıya gətirərkən yolda həbs olunublar. Sabirabad rayonunda polis postunda onların maşınına baxış keçirilərkən külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, bu "mallar"ı Leyla Məmmədova, Samir Hüseynov və Həsən Babayev sifariş veribmiş. Bundan sonra, həm sifarişçilər, həm də "malı" İrandan göndərən Xudam Pənahi həbs olunublar.

Xudam Panahi ifadəsində bildirdi ki, narkotik maddələrin satışı ilə uzun müddətdir ki, məşğul olur. Buna görə də o və qardaşı özlərini ittiham üzrə təqsirli bilirlər. Digər müttəhimlər isə ittihamla razılaşmırlar.

Xudam Pənahinin sözlərinə görə, əvvəllər bu işlə məşğul olarkən dəstə başçısı Cəmşid Abdullahidən eşidib ki, həmin mallar Dağlıq Qarabağ ərazisində becərilir. Əfqanlar işğal altında olan torpaqlarımıza ayaq açaraq narkotik maddələr əkib becərirlər. Hətta onun eşitdiyinə görə, həmin ərazidə narkotik maddələr istehsal etmək üçün labaratoriyalar da salınıb. Cəmşid Abbdullahiyə həmin malları sifarişlə gətiriblər. İranda qəbul olunan mallar sonradan Azərbaycana və başqa ölkələrə keçirilərək satılıb.

Xudam Pənahi Alik Həziyevin günahsız olduğunu deyərək qeyd edib ki, o, maşınıyla Bakıya gətirilən malın narkotik maddə olduğunu bilmirmiş. "Malları maşında mən gizlətmişdim. Onun xəbəri yox idi. Çünki yolda maşın xarab olduğu üçün harasa getmişdi. İstintaq zamanı onun əleyhinə ifadə vermişəm. Çünki mənə təzyiqlər olub. Amma indi hər şeyi düz deyirəm". Dəstə üzvünün sözlərinə görə, həmin vaxt yolda bir qadın ona zəng vuraraq nə vaxt gəlib çatacağını soruşub. O, həmin qadını tanımasa da, sonradan onun Leyla Məmmədova olduğunu bilib. "Qardaşım demişdi ki, zəng vurub, malı götürəcəklər. Ancaq alıcıların kim olduğunu dəqiq bilmirdim".

Cəfər də qardaşının dediklərini təsdiqləyərək deyib ki, istintaq zamanı digərlərinə qarşı ifadələr verib. Çünki onu aldadıblar. "Mənə dedilər ki, qardaşını xilas etmək istəyirsənsə, bunları yazmalısan. Mən də yazdım".

Müttəhim bildirdi ki, Azərbaycana cəmii 1 kq. mal gətirib. Onun da yarısı yolda xarab olub.

Məhkəmə prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti