...

Bir qrup azərbaycanlı jurnalist piket keçirib

Cəmiyyət Materials 24 Aprel 2007 15:13 (UTC +04:00)
Bir qrup azərbaycanlı jurnalist piket keçirib

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Çərşənbə axşamı Bakıda bir qrup jurnalist etiraz aksiyası keçirib. Piket keçirən jurnalistlər "Gündəlik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbs olunması, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı məhkəmə prosesinin başlanmasına, "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Üzeyir Cəfərlinin naməlum şəxslər tərəfindən döyülməsinə, mətbuata qarşı təzyiqlərə etiraz ediblər.

Piket Sabir bağına təyin olunsa da, polis aksiya iştirakçılarının həmin əraziyə toplanmasına imkan verməyib, amma onların İçəri Şəhrədə toplanmasına mane olmayıb. Əllərində həbsdə olan jurnalistlərin portretlərini qaldıran piket iştirakçıları "Azad söz", "Jurnalistlərə azadlıq" və sair şüarlar səsləndiriblər.

"Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu piketin qətnaməsini oxuyub. Qətnamədə bildirilir ki, beynəlxalq təşkilatların tələb etdikləri "Diffamasiya haqqında" qanun tezliklə qəbul olunmalı, "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qatilləri tezliklə həbs olunmalı və məhkəməyə cəlb olunmalı, jurnalistlərə fiziki basqında iştirak etmiş şəxslər tapılmalı və cəzalandırılmalı, Fətullayev də daxil olmaqla həbsdə olan bütün jurnalistlər dərhal azadlığa buraxılmalı, mətbuat orqanları və jurnalistlərə qarşı başlamış saxta məhkəmə ittihamlarına son qoyulmalıdır.

Piketi ABŞ-ın Azərbaycandakı səfirliyinin və ATƏT-in Bakı ofisinin nümayəndələri, hüquq müdafiəçiləri və digər ölkələrin Azərbaycandakı diplomatik korpuslarının təmsilçiləri də izləyirdi.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli piketdən sonra jurnalistlərə bildirib ki, polis tutduğu mövqedən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşır. Bu günkü piket isə icazəsiz olduğundan onun keçirilməsinə icazə verilməyib. O əlavə edib ki, bundan sonra da paytaxtda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan keçirilən piketlər dağıdılacaq.

Xəbər lenti

Xəbər lenti