...

Azərbaycanda qəsdən adamöldürmə cinayətinə görə cəzaların sərtləşdirilməsi təklif olunub

Cəmiyyət Materials 25 Aprel 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklifləri sentyabrda Milli Məclisə təqdim olunacaq. Cinayət Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun üzvü, Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə çərşənbə günü Trend ə bildirib ki, hazırda Avropa Şurası tərəfindən təklif olunan təkliflər öyrənilir. Ağazadənin sözlərinə görə, İşçi Qrupa texniki dəyişiklərlə birgə 100-ə qədər təklif verilib. Avropa Şurası tərəfindən verilmiş təkliflərdən Azərbaycanın adət-ənənələrinə, mentalitetinə uyğun gəlməyənləri qəbul edilməyib.

Təkliflər sırasında hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, bəzi cinayətlərə görə cəzaların sərtləşdirilməsi və yüngülləşdirilməsi, qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi və s.var.

Ağazadə bildirib ki, avropalı ekspertlərin fikrincə, Azərbaycanın cinayət qanunvericiliyində qadınlara üstünlük verilir. Bu isə qadın-kişi bərabərliyinin pozulması kimi qiymətləndirilir. Bunu əsas gətirən ekspertlər qadınlar üçün nəzərdə tutulan cəzaların, rejimlərin dəyişdirilməsini təklif edib.

Başqa təklif qəsdən adamöldürmə cinayətinə görə cəzaların sərtləşdirilməsidir: "Ekspertlər hesab edir ki, Azərbaycan yeganə dövlətdir ki, qəsdən adamöldürməyə görə nəzərdə tutulan cəzanın aşağı həddi 7, ağırlaşdırıcı hallarda 8 ildir. Avropa ölkələrində bu cinayətə görə 20-30 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin Avropa dövlətlərində ömürlük azadlıqdan məhrum edilmişlər müəyyən müddət əfv üçün müraciət edə bilməzlər. Bizim qanunvericilikdə isə bu məhdudiyyət yoxdur. Azərbaycanda məhkumların cəzaçəkmə rejimini məhkəmələr müəyyən edir. Avropa ölkələrində isə bu səlahiyyət məhkumun cəza çəkdiyi müəssisənin rəhbərliyinə məxsusdur. Biz bu təklifi qəbul etməmişik. Səbəbi bizim buna hələlik hazır olmamağımızdır". Verilən təkliflər tam öyrənildikdən sonra yekun layihə hazırlanaraq Milli Məclisə təqdim olunacaq. İlin sonu, gələn ilin əvvəllərində verilmiş təkliflər əsasında Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək.

Xəbər lenti

Xəbər lenti