...

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

Cəmiyyət Materials 27 Aprel 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə aprelin 28-də Azərbaycan Texniki Universitetində dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçirəcək.

Komissiyadan cümə günü verilən məlumata görə, 15 dövlət orqanında mövcud olan 189 vakant dövlət qulluğu vəzifəsinin tutulması üzrə müsabiqədə iştirak etmək üçün 930 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərin peşə ixtisas biliklərinə, Konstitusiya və dövlət qulluğu qanunvericiliyinə aid 70, məntiqi düşünmə qabliyyətini yoxlayan 20 və kompüter biliklərinə dair 10 sual daxil olmaqla 100 sual təqdim olunacaq. İmtahanda iştirak edən namizədlərin 735-i kişi, 195-i qadınlardır.

Daha çox maraq Hesablama Palatası (25 vakant vəzifə üzrə 165 namizəd), Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya (156 namizəd), Ekologiya və Təbii sərvətlər Nazirliyi (46 vakant üzrə 155 namizəd), Mədəniyyət və Turizm Nazirliyi (5 vakant üzrə 132), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (10 vakant üzrə 64 namizəd), Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (6 vakant üzrə 53 namizəd) və Sənaye və Energetika Nazirliyində (14 vakant üzrə 53 namizəd) olan vakant vəzifələrə göstərilib.

Test imtahanında mümkün baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş sayılır və söhbətə buraxılır.

Söhbət namizədin dövlət qulluqçusu üçün zəruri olan keyfiyyətlərini müəyyən etmə məqsədi daşıyır. Söhbətin nəticələri balla qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti