...

Qərbi Azərbaycana Qayıdış Birliyinin sədr müavini barəsində həbs qətimkan tədbiri seçilib

Cəmiyyət Materials 30 Aprel 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Yasamal rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə bu gün Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədr müavini Yalçın Binnətli barəsində 10 günlük həbs qətimkan tədbiri seçilib. Bu haqda bazar ertəsi Trend ə Binnətlinin əmisi Sabir Binnətli məlumat verib.

Binnətli bildirib ki, Yalçın Binnətli Bakı Şəhər Baş Polis İdarəsinin Qaraşəhərdəki inzibati qaydada saxlanılanlar üçün təcridxanasına aparılıb. Binnətli Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə təqsirləndirilib.

Sabir Binnətlinin sözlərinə görə aprelin 28-də axşam qardaşı oğlunu Yasamal Rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədovla görüşə çağırıblar. Sonradan 28-ci polis bölməsinin rəisi də onunla görüşmək istədiyini bildirib. Binnətli baş verənlərin sifariş olduğunu və qardaşı oğlunun da sifarişlə həbs edildiyini deyib.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri, sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbov da hazırda həbsdədir. Onun barəsində Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti