...

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri: "Gənclər və İdman Nazirliyinə və Statistika Komitəsinə keçirilən imtahanlarda namizədlər lazım olan nəticəni göstərməyib"

Cəmiyyət Materials 3 May 2007 16:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri: "Gənclər və İdman Nazirliyinə və Statistika Komitəsinə keçirilən imtahanlarda namizədlər lazım olan nəticəni göstərməyib"

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun Trend ə eksklüziv müsahibəsi

- Aprelin 28-də dövlət qulluğuna qəbulla bağlı keçirilmiş imtahanın nəticələrindən razı qaldınızmı?

- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilk dəfə olaraq 15 dövlət orqanında mövcud olan 189 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün imtahan keçirdi. Nəticələr qaneedicidir. Tam razılıq isə kadrların seçilib lazımi qurumlarda lazımi vəzifələrə yerləşdirilməsindən sonra mümükündür. İki dövlət orqanına-Gənclər və İdman Nazirliyinə və Dövlət Statistika Komitəsinə keçirilən imtahanlarda bir nəfər namizəd belə lazım olan nəticəni göstərməyib. Bu orqanlara sənəd verənlər də azlıq təşkil edirdi. Həmçinin bəzi dövlət orqanlarındakı vakant yerlər üzrə də müsbət nəticələr əldə olunmayıb. Hər iki dövlət orqanındakı vakant vəzifələrin tutulması üçün yenidən müsabiqə elan olunacaq. Bu istiqamətdə müvafiq işlər görülür.

İmtahanda tələb olunan nəticəni göstərən namizədlərin sayı da çoxdur. Bunun əsas səbəblərindən biri sənəd qəbulu zamanı bütün ixtisaslara, vəzifələrə dair tələblərin bizim komissiya tərəfindən əvvəlcədən müəyyənləşdirilməsi idi. Hər bir namizəd əvvəldən öz seçimini etmişdi. Hətta vəzifə maaşına qədər vakant vəzifələr barədə bütün məlumatlar namizədlərə çatdırılmışdı. Bununla da ixtisasa uyğun olmayan, müsahibədə iştirak etmək xatirinə sənəd vermək istəyənlərin qəbuldan uzaqlaşdırılmasına imkan yarandı. Ən çox - 156 sənəd bizim Komissiyaya, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 155, Hesablama Palatasına165, Mədəniyyət və Turizm Nazirliyinə 132 sənəd vermişdi. Vakant vəzifələrin sayı ilə müqayisə etdikdə bir yer üçün sənəd verənlər bizim komissiyada, Hesablama Palatası və Mədəniyyət və Turizm Nazirliyində çoxluq təşkil edirdi. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya bir yer üçün 75, Qiymətli Kağızlar üzrə Dövlət Komissiyasında 43, Mədəniyyət və Turizm Nazirliyində 48, Dövlət Əmlakının Reysteri Xidmətində 30 nəfər namizəd tələb olunan nəticəni göstərib.

- İmtahanın nəticələrindən narazı qalan namizədlərdən şikayətlər daxil olubmu?

- İmtahan başa çatandan sonra 3 gün müddətində narazı namizədlər Komisiyaya apellyasiya şikayəti verə bilər. Bizə 3 nəfər müraciət edib. Onlar müvafiq olaraq 42, 46 və 67 bal toplayıblar. Minimum bal isə 80-dir. Hər üç namizəd Komissiyaya dəvət olunacaq və onların şikayətləri birgə araşdırılacaq.

- Müsabiqənin ikinci mərhələsi olan müsahibə hansı meyarlar əsasında keçiriləcək?

- Müsahibə (söhbət) namizədin dövlət qulluqçusu üçün zəruri olan keyfiyyətlərini müəyyən etmək məqsədi daşıyır. Müsahibəni yaradılmış müsahibə komissiyaları keçirəcəklər. Komissiyalar 3 nəfədən- imtahan keçirilmiş dövlət orqanının, bizim komissiyanın və digər dövlət orqanlarının nümayəndələrindən təşkil olunacaq. Hər bir komissiyanın tərkibi müsahibədən yarım saat əvvəl təsdiqlənəcək.

Bu gündən etbarən bizim komissiyada dövlət orqanlarının komissiyalara təqdim olunmuş namizədlərinə xüsusi treninqlər keçirilir. Onlara müsahibənin keçirilmə qaydaları, meyarları barədə bilgilər veriləcək. Müsahibənin nəticələri 4 meyarla qiymətləndiriləcək. Özünü təqdimetmə, namizədin əldə etdiyi nailiyyətlər, xarici dil bilikləri və xarakterik xüsusiyyətləri (ünsiyyət qurmaq, nüfuz etmək, vətənpərvərlik, təcrübə bölüşmək və iradə). Hər bir namizədlə ən azı yarım saat söhbət aparılacaq. Söhbət zamanı yuxarıda qeyd etdiyim meyarlar əsas götürüləcək. Müsahibənin nəticələri balla qiymətləndiriləcək. Artıq namizədlərə də müsahibənin keçirilmə qaydaları barədə məlumat vermişik. Ümid edirəm ki, gələn həftədən müsahibəyə başlayacağıq. Müsahibənin nə vaxt yekunlaşacağı isə məlum deyil. Bunun üçün konkret müddət qoyulmayıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 6-9-cu təsnifat üzrə dövlət qulluğuna qəbulu həyata keçirir. Dövlət orqanlarında vakant yerlər yarandıqca sənəd qəbulu aparılacaq və imtahanlar keçiriləcək. Hazırda isə 5 dövlət orqanına sənəd qəbulu davam edir.

Xəbər lenti

Xəbər lenti