...

Teleradio Şurasının sədri: "Regional kanalların vahid nümayəndəsinin müəyyənləşməsi ilə bağlı iş aparılır"

Cəmiyyət Materials 4 May 2007 18:12 (UTC +04:00)
Teleradio Şurasının sədri: "Regional kanalların vahid nümayəndəsinin müəyyənləşməsi ilə bağlı iş aparılır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli cümə günü Azərbaycanın bütün regional telekanallarının rəhbərləri ilə görüş keçirib. Bu barədə Trend ə Nuşirəvan Məhərrəmli məlumat verib.

Onun sözlərinə görə, görüşdə regional telekanalların mövcud durumu, onların reklam bazarı, üzləşdikləri problemlər, maliyyə çətinlikləri kimi məsələlər müzakirə edilib. Şura sədri təklif edib ki, regional kanallar öz aralarında razılığa gələrək bir nəfər nümayəndə müəyyənləşdirsinlər, öz problemlərini, fikir və mövqelərini ifadə etmək səlahiyyəti versinlər. Məhərrəmlinin sözlərinə görə, bu sahədə artıq iş aparılır.

Şura sədrinin sözlərinə görə, regional kanallar sovet dövründə çəkilmiş Azərbaycan filmlərinin ümumxalq məhsulu olduğunu bildirib və ondan sərbəst istifadə etmək məsələsini qaldırıblar: "Hesab edirəm ki, bu məsələdə onlar haqlıdırlar. Sovet dövründə AzTV tərəfindən çəkilən filmlərin maliyyəsi dövlət büdcəsindən gedirdi. Regional kanallar həmçinin Azərbaycan prezidentinin mətbuat xidməti ilə əlaqələr qurulması məsələsini gündəmə gətiriblər. Bu məsələ də müzakirə olundu və həmin sahədə iş aparılacaq".

Məhərrəmlinin sözlərinə görə, onunla görüşdən sonra regioanl kanalların rəhbərləri Mədəniyyət Nazirliyində görüş keçirəcəklər. Şura sədrinin sözlərinə görə, regional kanalların Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqələri, əməkdaşlığının qurulması təşəbbüsünə nazirlik müsbət cavab verib.

Xəbər lenti

Xəbər lenti