...

Vaşinqtonda Azərbaycanın Şuşa şəhərinin işğalının 15-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək

Cəmiyyət Materials 8 May 2007 13:03 (UTC +04:00)

ABŞ, Vaşinqton /müx. Trend M.Əfəndiyeva/ Azərbaycanın ABŞ-dakı diasporunun nümayəndələri mayın 8-də Şuşa şəhərinin işğalının 15-ci ildönümü ilə əlaqədər Vaşinqtonda Ermənistan səfirliyinin binası önündə icazəli etiraz aksiyası keçirməyi planlaşdırırlar. Bu, Azərbaycan diasporunun Azərbaycan torpaqlarının azad olunması tələblərinin səslənəcəyi növbəti tədbiri olacaq. Güman olunur ki, mitinq bir neçə saat davam edəcək. Aksiya təşkilatçıları artıq yerli KİV-lər və Vaşinqton polisinə müvafiq bilgilər göndəriblər.

İki ölkə arasında münaqişə Ermənistanın 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsindən sonra yaranıb. 1992-ci ildən Azərbaycan ərazilərinin 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəslə bağlı razılıq əldə ediblər. Bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqlar hələlik heç bir nəticə verməyib.

Azərbaycanın ABŞ-dakı diasporunun nümayəndələri etiraz aksiyalarını ildə bir neçə dəfə keçirirlər. 2007-ci ilin fevralında Vaşinqtonun Azərbaycan Cəmiyyəti tərəfindən Xocalı hadisəsinin 15 illiyi ilə əlaqədər etiraz aksiyası təşkil edilib. Dyupon meydanında diaspor nümayəndələri ilə yanaşı, İrandan olan azərbaycanlılar da olub. Həmrəylik əlaməti olaraq aksiyaya həmçinin türk diasporunun təmsilçiləri də qoşulublar.

Vaşinqton azərbaycanlıların Şuşanın işğalı ilə bağlı təşkil etdiyi tədbirlərin keçirildiyi yeganə şəhər deyil. Belə ki, mayın 5-də Strasburqda Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan-Fransa mədəni əlaqələr cəmiyyəti, Azərbaycanlı tələbələrin cəmiyyəti, habelə Strasburqdakı "Azərbaycan Evi" tərəfindən təşkil olunan konfrans keçirilib.

Xəbər lenti

Xəbər lenti