...

Azərbaycan Mətbuat Şurası səkkiz şikayətə dair rəy çıxarıb

Cəmiyyət Materials 14 May 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası səkkiz müraciətə baxıb. Bu barədə bazar ertəsi Mətbuat Şurasından məlumat verilib.

"Azərneftyağ" Neft Emalı Zavodunun şöbə müdiri Çingiz Axundovun "Reytinq" qəzeti ilə bağlı şikayətinə baxılarkən nəşrin baş redaktoru qarşı tərəfdən üzr istəyib, təkzib verməyə hazır olduğunu bildirib. Komissiya rəyində bunları əsas götürüb.

Şura "Kriminal aləm" qəzetində "Xanlarda əxlaqsızlıq yuvası aşkarlanıb" (18 aprel 2007-ci il) sərlövhəli yazının real faktlara, dəlil- sübutlara əsaslamadan yazıldığı qənaətinə gəlib, qəzetin təkzib verməsini məsləhət görüb.

Qəzet rəhbərliyi isə mövzunun davamında israrlı olduğunu deyib. "Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları"nın pozulduğu qənaətinə gələn Mətbuat Şurası məsələnin hüquqi müsətəvidə araşdırılmasını məqbul sayıb.

"Mühakimə" qəzetinin baş redaktoru Yaşar Ağazadə nəşrdə gedən "Büdcədən mənimsənilmiş 4349 manata görə niyə cinayət işi qaldırılmadı?" (5-11 aprel 2007-ci il) sərlövhəli yazıda yalnız şikayətçi tərəfin mövqeyinin əks olunduğunu etiraf edib. Baş redaktor haqqında yazılan poliklinika rəhbərliyindən üzr istəyib, təkzib verməyə və ya onların mövqeyini əks etdirməyə hazır olduğunu deyib.

Komissiya "Yeni çağ" qəzetində mart- aprel ayında Azərbaycan Ziyalılar Cəmiyyətinin sədri Eldəniz Quliyev barədə gedən dörd yazının və kollajın şər, böhtan, təhqir nümunələri olduğunu nəşrin baş redaktoru Aqil Camalın nəzərinə çatdırıb. Baş redaktor qarşı tərəfdən üzr istəyib, təkzib verməyə, yaxud E. Quliyevin mövqeyini əks etdirməyə hazır olduğunu bildirib.

14 saylı şəhər poliklinikasının baş həkimi Əlisahib Mahmudovla "Elitar press" qəzeti arasında anlaşma əldə edildiyi üçün məsələ bitmiş hesab olunub.

Salyan şəhər 1 saylı orta məktəbinin direktoru Rasim Zeynalovun "Yeni Azərbaycan bələdiyyəsi" qəzetində dərc edilmiş "Salyan təhsilində özbaşınalıq: 1 saylı məktəb əndazəni aşıb" (8-14 may 2007-ci il) sərlövhəli yazı ilə bağlı şikayət araşdırılarkən vurğulanıb ki, materialda balans prinsipi sonadək gözlənilməyib. Şikayətçiyə hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti