...

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı dövlət proqramı müzakirə olunub

Cəmiyyət Materials 16 May 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların ailələrə verilməsi prosesinin qanunvericilik bazasının yaradılması vacibdir. Bu fikirlər çərşənbə günü Bakının "Park İnn" mehmanxanasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının birgə təşkil etdiyi konfransda səsləndirilib.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli bildirib ki, rəhbərlik etdiyi komissiya bu məsələ ilə bağlı araşdırmalarını davam etdirir.

"Bu uşaqların taleyi ilə bağlı olan məsələdir. Ona görə də radikal addımlar və populizim sevmir. Məsələnin necə həll olunacağı dəqiqləşdikdən sonra qanunvericilik bazası yaradılmalıdır" - deyə Rəcəbli bildirib.

Komissiya sədri qeyd edib ki, onlar bu məsələdə iki təklif irəli sürüblər. Birincisi, uşaq evləri və internatlarda olan uşaqlar ilk növbədə bioloji ailələrinə verilməlidirlər. İknicisi, Ailə Məcəlləsində dəyişiklik edilməlidir.

"Ailə Məcəlləsində qeyd olunub ki, nigaha girən gənclər sağlamlıq haqqında arayış təqdim edə bilərlər. Bununla bağlı məcəllədə dəyişiklik edilməli və yazılmalıdır ki, nigaha girən gənclər mütləq sağlamlıq haqqında arayış təqdim etməlidirlər. Belə olarsa biz gəncləri gələcəkdə üzləşə biləcəkləri problemlərlə bağlı xəbərdar edərik və qüsurlu uşaqların dünyaya gəlməsinin qarşısı qismən alınar".

Təhsil nazirinin müavini, internatlarda və uşaq evlərində olan uşaqların ailələrə verilməsi üzrə (De-institusionalizasiya) dövlət proqramının Koordinasiya Şurasının sədri İradə Hüseynova bildirib ki, uşaqların ailələrə verilməsi prosesini həyata keçirmək üçün müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında sıx əməkdaşlığın olması vacibdir: "Uşaq götürən ailələrə dövlət tərəfindən maddi yardım göstərilməsi vacibdir ki, bu, uşaqları böyütməyə stimul olsun".

Təhsil Nazirliyinin balansında 56 uşaq evi və internatın olduğunu deyən Hüseynova qeyd edib ki, bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilib, bir neçə dövlətə səfərlər ediblər: "İtaliyada uşaq götürən ailələrə ayda 500 avro pul verilir".

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının direktoru uşaq velərində apardıqları monitorinqin nəticələrini açıqlayıb.

Araşdırmalar zamanı məlum olub ki, uşaqların internatlara və xüsusi müəssisələrə düşmələrinin üç əsas səbəbi var: yoxsulluq, ailənin dağılması və əlillik.

Xəbər lenti

Xəbər lenti