...

Azərbaycan Boloniya prosesi ölkələrinin təhsil nazirlərinin konfransında iştirak edəcək

Cəmiyyət Materials 16 May 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı /korr. Trend S.Ağayeva / Azərbaycanın təhsil naziri Misir Mərdanov mayın 17-18-də Londonda Boloniya prosesinə qoşulan ölkələrin təhsil nazirlərinin V konfransı çərçivəsində avropalı həmkarları ilə görüş keçirəcək. Bu barədə çərşənbə günü nazirlikdən verilən məlumatda bildirilib.

"Konfrans zamanı ali təhsillə bağlı məsələlər müzakirə olunacaq" - deyə nazir bu günlərdə jurnalistlərə açıqlamasında bildirib.

Mərdanov qeyd edib ki, artıq Azərbaycanın səkkiz dövlət universitetində Boloniya prosesi prinsiplərinin tətbiqi ilə bağlı işlər aparılır. Hazırda bu sistem 2400-dən çox tələbəni əhatə edir. Nazirin sözlərinə görə, gələn il bu rəqəm dörd dəfə artacaq.

Boloniya Bəyannaməsinin məqsədi vahid ümumavropa ali təhsil sisteminin yaradılmasıdır. Azərbaycan bu sənədə 2005-ci ilin mayın 19-da Bergendə (Norveç) keçirilən Boloniya prosesi iştirakçıları ölkələrinin təhsil nazirlərinin IV konfransında qoşulub. Bu konfransda 2010-cu ildə həllini tələb edən məsələlər müzakirə olunmuşdu.

Bu gün müvafiq bəyannamə 40-dan çox ölkəni və 1500-dən artıq ali təhsil ocağını birləşdirir. "Boloniya" diplomu ilə tələbə problemsiz istənilən ölkədə işə qəbul oluna bilər. Bu tələbələrin çevikliyini artırır, əmək bazarının dəyişikliklərinə çevik reaksiya vermək imkanı yaradır. İdeyaya əsasən 2010-cu ilədək Azərbaycanın bütün ali təhsil ocaqları Boloniya prosesinə qoşulmalıdır.

Xəbər lenti

Xəbər lenti