Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İngiltərənin paytaxtı Londonda ikinci Azərbaycan həftə sonu (bazar günü) məktəbi açılıb. Bu barədə bazar ertəsi Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Londonun "Baden Powell" salonunda "Caspian-Xəzri" Azərbaycan məktəbinin bir yaşının tamam olması və bu şəhərdə ikinci Azərbaycan məktəbinin açılması münasibəti ilə bazar günü konsert keçirilib. Tədbirdə Azərbaycanın əməkdar artisti, xanəndə Aygün Bəylər çıxış edib. Azərbaycan Gənclər və İdman Nazirliyinin, Londondakı Azərbaycan Gənclər Klubunun təşəbbüsü ilə təşkil edilmiş bu konsert proqramında Böyük Britaniyada yaşayan 200-ə yaxın azərbaycanlı, çoxsaylı ictimaiyyət nümayəndələri və xarici qonaqlar iştirak ediblər.