...

Yeni Azərbaycan Partiyası icra katibinin apellyasiya şikayəti təmin olunub

Cəmiyyət Materials 21 May 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun apellyasiya şikayəti təmin olunub. Əhmədovun nümayəndəsi, vəkil İkram Şirinov bazar ertəsi Trend ə bildirib ki, bu gün Apellyasiya Məhkəməsində hakim Asif Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Səbayel rayon məhkəməsinin qərardadı ləğv olunub. Vəkilin sözlərinə görə, sabiq səhiyyə naziri Əli İnsanovun Əli Əhmədova qarşı iddiası baxılması üçün cavabdehin yaşadığı Yasamal rayonun məhkəməsinə göndərilməsi barədə vəsatəti Səbayel rayon məhkəməsi yenidən müzakirə edəcək. İddianın baxılması üçün aidiyyatı məhkəməyə göndərilməsi Səbayel rayon məhkəməsi tərəfindən həll olunacaq.

Ötən prosesdə Əhmədovun nümayəndəsi iddianın cavabdehin yaşayış yeri üzrə məhkəməyə göndərilməsini xahiş etsə də, hakim İlham Ağayev Əhmədovun iş yerinin Səbayel rayonu ərazisində yerləşdiyini əsas gətirərək vəsatəti təmin etməmişdi.

İnsanov Əhmədovu "Azərbaycan" qəzetinin 7 mart tarixli sayında "Əli İnsanov Heydər Əliyev yoluna xəyanət edib" sərlövhəli yazıda onun şərəf və ləyaqətini təhqir etməkdə günahlandırır. Sabiq nazir iddiasında Əhmədovun üzr istəməsi, təkzib verməsi və onun barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanmasını tələb edir.

İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhddə və kütləvi ixtişaşda təqsirləndirilərək həbs edilib. Aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İnsanov əmlakı mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti