...

Bir qrup jurnalist Azərbaycanın üç dövlət orqanını məhkəməyə verdi

Cəmiyyət Materials 23 May 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sərbəst toplaşmaq, fikri ifadə etmək azadlığının pozulduğunu iddia edən bir qrup jurnalist Bakı şəhər İcra Hakimiyyətini, Bakı şəhər Baş Polis İdarəsini və Səbail rayon Polis İdarəsini məhkəməyə verib. Bu barədə çərşənbə günü Media Hüququ İnstitutundan məlumat verilib.

Səbail Məhkəməsi iddianı təmin edərsə, dövlət qurumları iddiaçı 15 nəfər media nümayəndələrinin hər birinə ayrı-ayrılıqda 300 min yeni Azərbaycan manatı ödəməli olacaq.

İddiaçılar ölkənin tanınmış qəzet redaktorları, jurnalist təşkilatlarının rəhbərləridir. Onlar jurnalistlərin 17 aprel və 15 mayda mediaya basqılara son qoyulması tələbilə keçirmək istədikləri piketə imkan verilməməsindən narazı qalıblar. Çərşənbə günü məhkəməyə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, 17 apreldə keçirilməsi planlaşdırılan piketlə bağlı yeddi gün öncə Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilsə də, təşkilatçılara piketin keçirilməsi ilə bağlı heç bir cavab verilməyib. Bu da jurnalistlərə aksiyanı keçirməyə əsas verib. Lakin Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon polis əməkdaşları piketə icazə verilməməsini əsas gətirərək aksiyanın baş tutmasına imkan verməyib.

Həmçinin mayın 15-nə təyin olunmuş piketlə bağlı bir həftə əvvəl Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib, lakin bu dəfə jurnalistlərə aksiyadan bir gün öncə cavab verilib. Jurnalistlər icazəsiz piketə cəhd göstəriblər və bu dəfə polis əməkdaşları jurnalistlərə fiziki təzyiq göstərib.

Azərbaycan Konstitusiyasının, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun, həmçinin beynəlxalq Konvensiyaların maddələrinin pozulduğunu iddia edən jurnalistlər Səbail Məhkəməsindən xahiş edir ki, iddiaçılara piket keçirilməsinə icazə verilməsini, habelə cavabdehlərin iddiaçılara ümumilikdə 4.500.000 AZN təzminat ödəməsini nəzərdə tutan qətnamə qəbul olunsun.

Xəbər lenti

Xəbər lenti