...

Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndə heyəti Azərbaycana gələcək

Cəmiyyət Materials 29 May 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) Azərbaycanda media ilə bağlı yaranmış gərginliyin aradan qaldırılmasına, həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına, Azərbaycan jurnalistlərinə indiki halda digər mümkün yardımlar təşkil edilməsinə kömək göstərmək üçün ölkəmizə nümayəndə heyəti göndərəcək. Bu barədə çərşənbə axşamı İFJ-in Azərbaycan üzrə təmsilçisi, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli məlumat verib.

Onun sözlərinə görə, bu sahədə məsləhətləşmələr aparılıb və ilkin qərar verilib. Nümayəndə heyətinin gəlişinin bir qədər gecikməsi İFJ-in Moskvada mayın 28-dən iyunun 1-nə qədər beynəlxalq konfrans keçirməsi ilə bağlıdır. Dünyanın, demək olar ki, bütün ölkələrindən təmsilçilərin qatıldığı və təqribən 1000 nəfərin iştirakı ilə keçirilən konfransda medianın qlobal problemləri, hazırkı durumu və media sahəsində yeni tendensiyalar müzakirə olunur: "Qurum rəhbərliyi bildirib ki, konfransın başa çatmasından dərhal sonra Azərbaycanla bağlı əhəmiyyətli planlar həyata keçirəcəklər".

Təşkilat həmçinin Azərbaycanda mətbuatla bağlı yaranmış son durumla əlaqədar bəyanat yayıb.

Qeyd edək ki, 2003-cü ildə də Azərbaycanda mətbuatla bağlı gərginlik yarananda İFJ problemin aradan qaldırılması üçün nümayəndə heyəti göndərmiş, həbs edilmiş jurnalistlərin azadlığa buraxılması üçün beynəlxalq nüfuzundan istifadə etmişdi. Təşkilatın dünyanın 117 ölkəsində təmsilçiliyi və BMT-də məsləhətçi statusu var.

Xəbər lenti

Xəbər lenti