Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin işi üzrə məhkəmə prosesi davam edir
Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ İyunun 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndiridən daha 17 şəxsin məhkəməsi ittiham aktının elanı ilə davam edib. İttiham aktını hazırda dövlət ittihamçısı Nazir Bayramov oxuyur. Hazırda məhkəmə iclasında 1959-cu il təvəllüdlü Mənsimov İsmayıl Yusif oğluna qarşı irəli sürülmüş ittihamlar elan edilib.
İttiham aktında qeyd olunur ki, İsmayıl Mənsimov İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində işləyib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinir.
İttiham aktına görə, İsmayıl Mənsimov çoxsaylı obyektlərin qanunsuz yolla özəlləşdirilməsinə görə sənədlərə yalan məlumatlar daxil etməkdə Fərhad Əliyevə kömək edib. Bundan əlavə, İ.Mənsimov F.Əliyevin qanunsuz yolla əldə etdiyi gəlirlərdən İqtisadi İnkişaf Nazirliyinin əməkdaşlarına hər ay ayrılan maaş cədvəlindən kənar məvaciblərin paylanmasında iştirak edib. (Xatırladaq ki, ittiham aktına görə, keçmiş iqtisadi inkişaf naziri cinayət əməllərini maneəsiz həyata keçirmək üçün işçiləri ələ almaq məqsədilə onlara cədvəldənkənar maaş təsis etməkdə də təqsirli bilinir).
Məhkəmə iclası ittiham aktının elanı ilə davam edir.