...

Millət vəkili: "Dini işlərlə məşğul olan şəxslərin attestasiyası aparılmalıdır"

Cəmiyyət Materials 5 İyun 2007 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İstər Azərbaycanda, istərsə də İran, Səudiyyə Ərəbistanı, Türkiyədə dini təhsil görmüş kifayət qədər savadlı insanlar mövcuddur və onların attestasiya yolu ilə müəyyənləşdirilib dini vəzifələrə təyin edilməsi daha yaxşıdır. Bu barədə çərşənbə axşamı Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, bu şəxslər də dini təbliğatı düzgün həyata keçirməlidirlər. "Biz artıq elə bir ərəfədəyik ki, dövlət müəssisələrinə, idarələrə işçilər test vasitəsi ilə qəbul olunur. Prezidentin də bu barədə müvafiq qərarı var. Bu bir daha kadrların hazırlılıq səviyyəsinin yüksəldilməsi və digər məsələlərə dəlalət edir" - deyə millət vəkili əlavə edib.

Dinin dövlətdən ayrı olduğunu vurğulayan Novruzovun fikrincə, dini strukturlarda da bu amil nəzərə alınmalıdır: "Çünki cəmiyyətin və insanların dini tərbiyəsi ilə bilavasitə onlar məşğul olurlar. Yas yerlərində və başqa məclislərdə insanlar bu şəxslərə hörmətlə yanaşaraq onların söylədiklərini ciddi fikir kimi qəbul edirlər. Ona görə də onların daha çox dünyəvi elmlərdən xəbərdar olması, həmçinin dinin düzgün təbliğ və tədqiq edilməsi məsələlərinə xüsusi önəm verilməlidir".

Deputat deyib ki, əvvəllər Azərbaycan vətəndaşlarının dini təhsil almaları üçün ölkədə və xaricdə belə bir imkan və strukturlar yox idi. İndi isə vəziyyət başqadır: "Ərəb dili həddən artıq qəlizdir. Dini ayinlər elə oxunmalıdır ki, burada fikirlər təhrif olunmasın".

YAP rəsmisi deyib ki, bütün bu məsələləri həyata keçirmək üçün "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilməlidir.

Xəbər lenti

Xəbər lenti