Azərbaycan, Bakı, 5 iyun /müx.TrendLife Samir Bayramlı/ Son zamanlar müğənni, demək olar ki, televiziya proqramlarında çox az-az görünür. Onun adı nadir hallarda qəzetlərdə və ya jurnallarda çəkilir. Buna baxmayaraq pərəstişkarları Abbas Bağırovu unutmurlar. Ona veriləcək sualları var və cavab almaq istəyirlər.
- Beləliklə, Abbas nə işlə məşğul olur?
- Abbas yaradıcılığı ilə məşğul olur. Ənvər Sadıqovun mahnısına klip çəkdirir. Klipin rejissoru Fuad Əlişovdur. "Karvan" qrupunun vaxtında oxuduğu mahnını yeni oranjemanda oxuyacağam. Ümumiyyətlə, iş çoxdur.
- Sən "Evrovision" müsabiqəsində iştirak etməyi düşünürsən?
- Planımda var. Ancaq 2009-cu ildə iştirak etmək isətyirəm.
- Necə fikirləşirsən, şou-biznesin içində varsan?
- Yəqin ki, yox. Mən şouda bizneslə məşğul olmuram. Sırf yaradıcılığımla məşğul oluram. Gündəmdə olmaq üçün isə yaradıcılıqdan başqa hamı nə işlə istəyirsən məşğul olurlar.
- Sən öz imicində, geyimində, yaradıcılığında hansı dəyişiklikləri etmisən?
- Öz çəkimdən tutmuş hər şeyə qədər dəyişikliklər etmişəm. Arıqlayıram, yenə də arıqlayıram.
- Bəs saçının rəngini dəyişmək, qulağına sırğa taxmaq istəmirsən?
- Yox, bu, kişiyə yaraşmaz. Hərçənd ki, bəziləri deyir ki, sırğanı bizim ulularımız taxıb... Siz baxın, onlar necə sırğa taxırdılar. Onlar heç vaxt qaşlı sırba taxmırdılar. Qaşlı sırğa qızlara yaraşır.
- Amma sənin saçların da uzundur?
- Saçımda rəng yoxdur. Qaldı ki, saçımın uzunluğuna, Peyğəmbərimizin də saçı uzun olub.
- Sən geyiminə çox pul xərcləyirsən?
- Demək olar ki, bütün qazandıqlarımı. Ən bahalı geyimim kostyum olub. Onu da əlim əsə-əsə 4500 dollara satmışam. Onu da deyim ki, heç kim mənim kimi geyinə bilməz. Məndən başqa heç bir müğənni xüsusi markası olan geyim almır. Sadəcə onu dərziyə sifariş edirlər.
- Sənin Faiq Ağayevlə son vaxtlar münasibətlərin gərginləşib. Niyə?
- Bu barada əks tərəfdən soruşmaq lazımdır. Mən bircə onu deyə bilərəm ki, bizim münasibətlərimiz yaradıcılıqla bağlı deyil.
- Sən toylara neçəyə gedirsən?
- Bunu mən deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, baha getmirəm. Düzünü deyim ki, mən hər toya da getmirəm...
- Sirr deyil ki, bəzi həmkarların öz bədənləri ilə pul qazanırlar. Onların arasında qeyri-ənənəvi orentasiyaya meylli insanlar...
- Bu, onların şəxsi işidir. Mənim elə insanlarla tanışlığım yoxdur. Mənim tanışlarım mənim özüm kimilərdir.
- Sən şou-biznesdə olan xanımların hansı ilə ailə qurmaq istərdin?
- Roya və İradə ibrahimova ilə. Yeri gəlmişkən, mən onlara təklif də etmişəm...(gülür)
- Bəs şəxsi həyatında hansı dəyişikliklər var?
- Mən bu mövzuda adətən danışmıram. Və indi də bu mövzudan vaz keçirəm.