...

Azərbaycanda məktəblilər üçün istirahət düşərgələrinin say azdır

Cəmiyyət Materials 6 İyun 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun/müx. "TrendLife" Fərid Sadıxov / Dərs ili başa çatdığından valideynlər öz uşaqlarının yay istirahətinin təşkili haqda düşünməyə başlayıblar. Amma Azərbaycanda məktəblilərin istirahətinin təşkili sahəsində ciddi problemlər olduğundan hər il yay tətili günlərində uşaqların böyük əksəriyyəti dincələ bilmir.

Xatırladaq ki, keçmiş SSRİ-nin mövcud olduğu illərdə digər respublikalar kimi, Azərbaycanda da uşaqların dincəlməsi üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Bundan başqa, Ukraynada "Artek", Rusiyada isə "Oqonyok" adlı ümumittifaq pioner düşərgələri də var idi ki, orada Azərbaycandan olan əlaçı şagirdlər dincələ bilirdi. 1992-ci ilədək Azərbaycanda tələbə və şagirdlərin dincəlməsi üçün 56 düşərgə fəaliyyət göstərirdi. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərimizdə, qalanı isə ölkənin digər səfalı rayonlarında idi.

SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Nəticədə istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi. Ümumilikdə 50-ə yaxın uşaq istirahət düşərgəsi bağlandı.

Uşaq Hüquqlarını Müdafiə Liqasınnı sədri Yusif Bəkirovun sözlərinə görə, hazırda Azərbaycanda uşaqların 1-2 faizi yay istirahət düşərgələrində dincələ bilirlər. "Təxmini hesablamalara görə, bu il 4 minə yaxın məktəbli yay istirahət düşərgələrində dincələ biləcək" - deyə Bəkirov bildirib. O, aidiyyatı dövlət orqanlarını bu sahədə lazımi işlər görməməkdə günahlandırıb.

Qeyd edək ki, son illər bəzi dövlət qurumları uşaq istirahət düşərgələrinin təşkili istiqamətində müəyyən addımlar atmağa başlayıblar. Təhsil Nazirliyi tərbiyə və hərbi hazırlıq şöbəsinin müdiri Ağababa İbrahimovun sözlərinə görə, indi uşaq istirahət düşərgələrinin təşkili rayon icra hakimiyyətləri, bələdiyyələr, ayrı-ayrı nazirliklər, idarə və təşkilatların səlahiyyətlərinə daxildir. Təhsil Nazirliyi məktəblilərin yay istirahətinin təşkili ilə məşğul deyil. İbrahimov bildirib ki, Təhsil Nazirliyi uşaqların yay istirahətinin təşkili sahəsindəki pərakəndəliyin aradan qaldırılması üçün düşərgələr şəbəkəsinin yaradılmasını təklif edib.

Qeyd edək ki, hazırda ölkədə 1,6 milyondan çox şagird olsa da, onların dincəlməsi üçün 10-a yaxın istirahət düşərgəsi fəaliyyət göstərir. Onlardan 4-ü ayrı-ayrı nazirliklərin nəzdindədəir, qalanları isə özəldir. Lakin həmin düşərgələrdə iki həftəlik dincəlməyin haqqı 100 manatdan baha olduğundan, yalnız imkanlı valideynlərin uşaqları orada istirahət edə bilirlər.

Məsələn, Daxili İşlər Nazirliyinin Şüvəlandakı Çingiz Mustafayev adını daşıyan uşaq istirahət düşərgəsində bir uşağın 24 gün dincəlməsi üçün 140 manat ödəmək lazımdır. DİN-in öz işçilərinin uşaqları isə burada güzəştli şərtlərlə 80 manata dincələ bilərlər.

Hazırda yay istirahət düşərgələri təşkil edən qurumlardan biri də Gənclər və İdman Nazirliyidir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib ki, bu il onlar yaşı 14-dən yuxarı olan 3 min məktəbli və tələbənin yay istirahəti üçün düşərgələr təşkil edəcəklər. Abbasov artıq bu işə start verildiyini deyib. Belə ki, Gənclər və İdman Nazirliyinin xəttilə 15 azərbaycanlı məktəbli mayın 30-dan iyunun 24-dək Rusiyanın Soçi şəhərindəki "Oqonyok" uşaq istirahət düşərgəsində dincələcək. "Onlar xüsusi istedalı əlaçı məktəblilər arsından seçiliblər" - deyə Abbasov bildirib. Bundan başqa, nazirlik imtahanlar başa çatandan sonra ölkənin şimal və cənub bölgəsindəki səfalı yerlərdə də istirahət düşərgələri təşkil edəcək. Həmin düşərgələrdə şəhid ailələrindən olan uşaqlar, qaçqın və məcburi köçkünlər arasından seçilmiş məktəblilər və xüsusi istedadı olan balacalar dincəlmək imkanı qazanacaq.

Digər yenilik isə Şüvəlandakı "Cırtdan" uşaq istirahət düşərgəsində təmir-bərpa işlərinin başlanmasıdır. "Həmin düşərgə gələn il üçün hazırlanır və orada iki mərhələ olmaqla hərəsində 300 məktəblinin istirahətini təşkil edəcəyik" - deyə Abbasov bildirib.

Beləliklə, məktəblilərin yay istirahətinin təşkili uşaqların böyük əksəriyyətini əhatə etməyəcəyindən onlar tətili öz evlərində keçirməli olacaqlar.

Xəbər lenti

Xəbər lenti