...

Monitorinq: May ayında Azərbaycanda jurnalistlərin cəzalandırılması daha sərt xarakter alıb

Cəmiyyət Materials 7 İyun 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Media Hüququ İnstitutu (MHİ) may ayı ərzində diffamasiya ilə bağlı məhkəmə işlərinin monitorinqi əsasında hazırladığı aylıq hesabatını açıqlayıb. Hesabat "Azad və müstəqil media üçün hüquqi mühitin monitorinqi, analizi və ictimai müzakirələr" layihəsi çərçivəsində hazırlanıb.Hesabatda qeyd olunur ki, may ayında hökuməti tənqid edən qəzetlərə, jurnalistlərə basqı və təpkilər acınacaqlı həddə çatıb, jurnalistlərin və mətbu nəşrlərin məhkəmələrin əli ilə cəzalandırılması daha sərt xarakter alıb. Ötən ay "Gündəlik Azərbaycan", "Realnıy Azerbaydjan" qəzetləri ofislərindən çıxarılmaları, "Bakı Xəbər" qəzeti isə bank hesablarına həbs qoyulması səbəbindən fəaliyyətini dayandırmalı olub. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və redaktoru Yaşar Ağazadə millət vəkili Cəlal Əliyevin şikayəti əsasında 2 il 6 ay azadlıqdan məhrum edilib. "Bizim Yol" qəzeti siyasətçi Sərdar Cəlaloğlunun, "Yeni Çağ" qəzeti Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevin şikayətləri əsasında 2.000 AZM, "Müxalifət"qəzeti Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin iddiası üzrə 15.000 AZM cərimələnib. "AMAY" firması isə "Müxalifət" qəzetindən 1 milyon AZM tutulması tələbi ilə mülki iddia qaldırıb. Təhqir və böhtana görə məhkəməyə çəkilən "Xural" qəzetinin cəmi 200 manat cərimələnməsi qəzetə qarşı iddianın mahiyyətinə varmadan maraq doğuran fakt kimi hesabatda qeyd olunub. Sənəddə "Azərsun Holdinq" şirkətinin prezidenti Abdulbari Gözəlin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı həbs tələbindən geri çəkildiyi qeyd olunub.

Aylıq hesabata hazırda həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Yaşar Ağazadə və Rövşən Kəbirli barəsində Yasamal Rayon Məhkəməsinin 20.04.2007 və 16.05.2007-ci il tarixli hökmlərinin hüquqi şərhi daxil edilib. Hüquqi şərhdə qeyd olunur ki, hər iki hökm maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılıb. Cinayət Məcəlləsinin söz azadlığı ilə sıx bağlı olan 147.1 və 147.2-ci maddələri düzgün şərh edilməyib, Konstitusiyanın 7, 12, 47 və 50-ci maddələri tətbiq olunmayıb. Məhkəmə jurnalistlərə münasibətdə qərəzli olub, Konstitusiyasının 25-ci maddəsini, Cinayət Prosessual Məcəllənin 11, 28, 32, 33, 138-ci maddələrini, Avropa İnsan Haqları Konvensiyasının 6-cı və 10-cu maddələrini pozub. Hesabatın sonunda hökumətdən mətbuata qarşı ardıcıl basqılara son qoyulması, söz azadlığı ilə bağlı məhkəmə təcrübəsinin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi istənilir.Hesabatın sonunda hökumətdən mətbuata qarşı ardıcıl basqılara son qoyulması, söz azadlığı ilə bağlı məhkəmə təcrübəsinin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi istənilir.

Xəbər lenti

Xəbər lenti