...

Böyük Britaniyada "Sara Xatun" Azərbaycanlı Qadınlar Cəmiyyəti yaradılıb

Cəmiyyət Materials 11 İyun 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Böyük Britaniyanın paytaxti Londonda "Sara Xatun" Azərbaycanlı Qadınlar Cəmiyyəti fəaliyyətə başlayıb. Bu barədə bazar ertəsi Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanlı Gənclər Klubunun həmsədri Simuzər Baloğlanovanın təşəbbüsü ilə yaradılan qurumun məqsədi İngiltərədə yaşayan və müəyyən nailiyyətlər əldə etmiş qadınları bir yerə toplamaq, həmçinin Azərbaycanda qadınların cəmiyyətdə tutduğu mövqeyi dünyaya çatdırmaqdır.

Azərbaycanın ilk diplomat qadını Sara Xatunun həyat və fəaliyyətinin təbliği məqsədilə kitabçaların nəşr edilməsi və ingilis dilində internet saytın hazırlanması nəzərdə tutulur. Eyni zamanda yeni yaradılan cəmiyyət müxtəlif ölkələrdə yaşayan azərbaycanlı qadınların həmin dövlətlərin ictimai-siyasi həyatında iştiraka cəlb edilməsinə və onların daha da fəallaşmasına yardım göstərəcək.

Azərbaycanlı Qadınlar Cəmiyyəti gələcəkdə Böyük Britaniyada yaşayan azərbaycanlı qadınların asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif layihələr gerçəkləşdirməyi də nəzərdə tutur. "Sara Xatun" Azərbaycanlı Qadınlar Cəmiyyəti Böyük Britaniyada ictimai fəaliyyətlə məşğul olan Türkiyə və digər icmaların qadın təmsilçiləri ilə əməkdaşlıq edəcək. Yaxın günlərdə türk diaspor təşkilatları ilə birgə fəaliyyət haqqında razılaşma əldə ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti