...

Anar Nağılbazdan "Hon-stop" sürprizi

Cəmiyyət Materials 12 İyun 2007 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /müx.TrendLife Samir Bayramlı/O, Azərbaycan estradasında birdən itdi və birdən də peyda oldu. Gəzən söz-söhbətlərə görə, reper repin vətəni olan ABŞ-da yaşayır. Bu məlumatları TrendLife-a müsahibəsində müğənninin özü də təsdiq etdi.

- Mən Amerikanın Koliforniya ştatında yaşayıram. Orda çox şeylə məşğul oluram. Alverlə, mahnı yazıram və əlbəttə, yerli musiqiçilərlə əlaqə saxlayıram.

- Anar Nağılbazdan, "Dəyirman" və Elşad Xosedən sonra yeni reperlər yoxdur. Siz bu janrı monopoliyaya almısınız?

- Demək olmaz ki, yeni reperlər yoxdur. Sadəcə, onlar haqqında birdən-birə hər yerdə danışıla bilməz. Düzdür, mənim Elşad Xose və "Dəyirman"la birgə layihəm olub. Bu o demək deyil ki, biz gənclərin inkişafına mane oluruq. Əksinə, Hüseyn Dərya bizim rep ailəmizdən çıxıb.

- Bəs onda nəyə görə Anar, Xose, "Dəyirman" darmadağın oldu?

- Ümumiyytlə, bu bir layihə idi. Amma biz onsuz da ayrı-ayrılıqda çalışırdıq. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, "Dəyirman", Xose və Hüseyn Dərya mənim "Azeri Images Service" mərkəzimdən çıxıblar. Bizim birgə layihəmizi də mən təşkil etmişdim. Layihə bitdikdən sonra biz ayrıldıq.

- Amma onlarla anlaşılmazlıq olmuşdu...Onların günahı nə idi?

- O dəqiqə deyim ki, heç vaxt pulda anlaşılmazlıq olmayıb. Sadəcə, onlar tərəfdən mənə qarşı hörmətsizlik olub. Əgər mən onların tədbirlərində iştirak edirdimsə, onlar əksinə, mənim təşkil etdiyim rep-çempionatı rədd edirdilər. Baxmayaraq ki, juri arasında Murad Dadaşov və Ayaz Salayev də vardı. Onlar hesab edirdilər ki, belə tədbirlərdə ancaq rep sahəsində professional olan insanlar iştirak etməlidirlər. Belə tədbirlərdə iştirak etməklərini özlərinə yaraşdırmırdılar. Hərçənd ki, onlar yaşca da məndən kiçikdirlər. Təcrübədən isə danışmaq istəmirəm.

- Son illər Anar Nağılbazın yeni hitləri yoxdur...

- Düzdür. Ancaq artıq mənim yeni albomum hazırdır. Alboma 17 mahnı daxildir. Onların ikisi sürpriz qalsın. Mahnıların beşini Almaz Ələsgərova ilə duet oxumuşuq. Həmçinin Səbinə Emdatova ilə duet olub. Aparıcı Turanla və amerikanlı reperlə də oxumuşam. Albom "Hon-stop" adlanır.

- Yaxşı, reper olmaq üçün qabliyyət lazımdır, yoxsa estradadan gəlmək olar?

-Olar. Məndə belə olub. Əsas arzudur. Vacib deyil əvvəl, ya sonra.

- Biz səni nə vaxtsa reper imicində görə bilərik?

- Çətin. Mən ilk dəfə səhnəyə çıxanda əsl reper kimi geyinmişdim. İyirmi yaşından sonra isə dövlət tədbirlərində iştirak etdiyim üçün həm də yaşıma görə imicimi dəyişəsi oldum.

- Bəs indi sənin əsas gəlir mənbəyin hardandır?

- Hazırda ABŞ-da alverlə məşğul oluram. Balaca bir dükanım var. Gəlirim əsasən ordandır. İnanıram ki, hər şey yaxşı olacaq. İnşaallah.

Xəbər lenti

Xəbər lenti