...

Jurnalistlərin yürüş-mitinqinin saatı dəyişdirildi, marşrutu saxlanıldı

Cəmiyyət Materials 12 İyun 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bir qrup jurnalistin iyunun 23-də Bakıda keçirməyi planlaşdırdığı yürüş-mitinqin saatı dəyişdirildi. Bu barədə Redaktorlar Birliyində təmsil olunan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu çərşənbə axşamı məlumat verib.

Redaktorlar Birliyinin təşkilatçılığı ilə əvvəlcə iyunun 12-də metronun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq Neftayırma zavodunun balansında olan meydanda mitinq keçirilməsi planlaşdırılırdı. Bakı Şəhər İcra Hakimiyyəti isə "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq "Ukrayna" meydanında mitinq keçirilməsinə razılıq verib. Aksiyanın təşkilatçıları "Ukrayna" dairəsində böyük çalaların qazılması səbəbindən həmin marşrut üzrə aksiya keçirilməsinin mümkünsüz olduğunu əsas gətirərək aksiyanı iyunun 23-nə təxirə saldılar.

"Azərbaycan yolu" Siyasi Hərəkatı da iyunun 23-də həmin marşrut üzrə yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu məsələ Redaktorlar Birliyinin çərşənbə axşamı keçirilən iclasında müzakirə olunub və jurnalistlərin 23 iyun aksiyasının saatı dəyişdirilib. Jurnalistlərin saat 16.00-dan 18.00-dək əvvəlki təklif etdikləri marşrut üzrə - Dakar meydanından H.Əliyev adına Neftayırma zavodunun meydanınadək yürüş-mitinq keçirmələrinə qərar verilib. "Azərbaycan yolu" Hərəkatı isə həmin gün saat 18.00-dan 20.00-dək yürüş-mitinq keçirəcək.

Arifoğlu bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin bu marşruta razılıq verməməsinə baxmayaraq, jurnalistlər öz qərarlarında israrlıdırlar.

Qeyd edək ki, Redaktorlar Birliyi, bir sıra müxalifətyönlü qəzetlər - "Yeni Müsavat", "Azadlıq", artıq nəşri dayandırılmış "Gündəlik Azərbaycan"-"Realnı Azerbaydjan" və "Bakı xəbər" qəzetləri, digər müstəqil nəşrlər, həmçinin ayrı-ayrı ictimai, siyasi xadimlər jurnalistlərə təzyiqlərə, onların həbsinə, qəzetlərin məhkəməyə verilməsinə etiraz edirlər. Bu məqsədlə etiraz aksiyası planlaşdırılır.

Hazırda Azərbaycanda yeddi jurnalist həbsdədir, bəzi qəzetlərin bank hesabına həbs qoyulub, bəziləri bu səbəbdən nəşrlərini dayandırıb, yerləşdikləri ofislərdən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti