...

Azərbaycan regionlarında vakant dövlət qulluğu vəzifələrinə müraciət edənlər yoxdur

Cəmiyyət Materials 13 İyun 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ 15 dövlət orqanında mövcud 200 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, aprelin 23-dən iyunun 5-dək 910 nəfərin namizədliyi qeydə alınıb. Bu vəzifələrin tutulması üçün test imtahanlarının iyunun 23-də keçirilməsi nəzərdə tutulub.

Xəlilovun sözlərinə görə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə və Səhiyyə nazirliklərindəki vakant dövlət qulluğu vəzifələrinə ilk dəfə müsabiqə elan olunub. Müsabiqə elan olunan qurumlar arasında daha çox maraq doğuran İqtisadi İnkişaf və Maliyyə nazirliklərindəki vakant yerlərdir.

Komissiya sədri bildirib ki, regionlarda vakant dövlət qulluğu vəzifələrinə müraciət edənlər yoxdur. O, bunu ölkədə kadrların idarə edilməsi ilə məşğul olan aidiyyatı qurumların olmaması ilə əlaqələndirib. Bu sahədə çatışmazlıqların olduğunu vurğulayan Xəlilov problemin aradan qaldırılması üçün Komissiyanın müvafiq təkliflər hazırladığını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, bu problemin həllinə ölkə başçısının Azərbaycan vətəndaşlarının xaricdə təhsil almalarına şərait yaradılması ilə bağlı Fərmanının da müsbət təsiri olacaq.

Xəbər lenti

Xəbər lenti