...

Orxan Fikrətoğlu: "Qloballaşma müsəlman, türk mentallığını məhv edir"

Cəmiyyət Materials 13 İyun 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /müx.TrendLife Saleh Salahzadə/Son vaxtlar Azərbaycanda ədəbiyyat varmı, yoxmu - deyə düşünürəm. 50-60-cı illərin ədəbiyyatı bir bioloji inqilab idi. O vaxtın yazıçıları dərk etdilər ki, artıq bu cür yazmaq olmaz. Onların nə mütaliəsi, nə intelekti, nə də savadı yetərli deyildi ki, yeni ədəbiyyat yaratsınlar. Yetmişinci illərdə intellektual baxımdan kitab oxumuşdular, amma onların da bioloji istiqaməti yox idi. Onlar də yarada bilmədilər ədəbiyyatı. Onlardan sonra gələn indiki nəsil özlərini postmodernist, dante-qraund, metro ədəbiyyatı, yerin altının ədəbiyyatı adlandıranlar, zənnimcə, ciddi adamlar deyillər. Ciddi bir sənət nümunəsi qoymayıblar ortalığa.

Mənim fikrimcə, postmodernizm bütün mövcud olan, bütün mümkün dəyərləri sındırmağa yönəldilmiş antimədəniyyət nümunəsidir. Bu gün Azərbaycan ziyalılığının postmodernizmə uyması artıq ölkədə mənəvi dəyərlərin məhvindən soraq verir. Hələ ki, elə bir sanballı, yeni ədəbi nümunəyə rast gəlməmişəm. Qeyri-təvazökar səslənsə də, öz hekayələrimi oxuyuram və necə deyərlər bəyənirəm. Bu günkü Azərbaycan ədəbiyyatı nümunələri dünyaya çıxarılası deyil. Azərbaycan siyasətinin dünya elitasındakı xüsusi çəkisini ədəbiyyata da şamil etmək olar. İndi daha çox xalçalarımızla, muğamlarımızla, bir sözlə, dünya tərəfindən folklor kimi qavranırıq. Ancaq fikir daşıyıcısı kimi yox. Ola bilər ki, Orxan Pamuk kimi ermənipərəst mövqe tutduğuna görə kimlərsə dərk edər, qiymətləndirər. Amma bir dəyər, bir mədəni ərazi olaraq Azərbaycanın bu günkü intellektual potensalı, inanmıram, Avropanı heyrətləndirə bilsin. Yəni bu gün Avropanın özü də bizi təəccübləndirə bilmir. Çox təəssüf ki, mədəniyyətlərarası ekspansiya var. Qərbin qloballşama mədəniyyəti müsəlman, türk mentallığını məhv etmək üzrədir. Hələlik biz bu qorxunc reallığı yaşayırıq.

Xəbər lenti

Xəbər lenti