Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İsveçrə sistemi üzrə FİDE Komissiyasının üzvü Eduard Dubovun növbəti reytinqində doqquzuncu yerdə qərarlaşıb.
Trend in məlumatına görə, Veyk-An-Zeyedəki superturnirin qalibi cədvəldə israilli Boris Gelfand, rusiyalı Pyotr Svidler, ingilis Maykl Adams, macar Yudit Polqar və digər məşhur şahmatçıları qabaqlayır. Ötən ay Rəcəbov "Ümidlər matçı"nda norveçli Maqnus Karlseni məğlub edib. Bu qələbə şahmatçımızın reytinqinə müsbət təsir göstərib.
Digər şahmatçımız, Sofiyadakı turnirdə beşinci yeri tutan Şəhriyar Məmmədyarov isə reytinqdə onuncu yerdə qərarlaşmalı olub.