...

Parlamentin komissiya sədri: "Yaxın vaxtlarda regional apellyasiya məhkəmələrinə sədr təyin olunacaq"

Cəmiyyət Materials 19 İyun 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Yeni formalaşdırılan regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlamaları üçün bütün şərait yaradılıb, məhkəmələr üçün binalar seçilib, onlar təmir olunub, məhkəmə orqanlarının işinə aid olan spesfik tədbirlər həyata keçirilib. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Əli Hüseynov məlumat verib.

Komissiya sədri bildirib ki, regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlamaları üçün tam şərait var. Məhkəmə-hüquq islahatları çərçivəsində Respublika Apellyasiya Məhkəməsinin ləğv olunaraq beş regional Apellyasiya Məhkəməsinin yaradılması ilə bağlı qərarın müstəsna əhəmiyyət daşıdığını vurğulayan millət vəkili qeyd edib ki, prezident İlham Əliyevin 2006-ci ildə verdiyi fərmandan irəli gələn bir çox təşkilati işlər həyata keçirilib. Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov ölkənin bölgələrində səfərlərdə olublar və regional apellyasiya məhkəmələrinə şərait yaradılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

"Amma prezident İlham Əliyevin təqdimatında göstərildiyi kimi, Milli Məclisin qəbul etdiyi qərarın bir aydan sonra qüvvəyə minməsi nəzərdə tutulub. Bunun da obyektiv səbəbləri var. Bu bir ay müddətində işlərin təhvil-təslimi həyata keçirilməlidir və müəyyən təşkilati məsələlər həll olunmalıdır" - deyə Hüseynov qeyd edib.

Regional apellyasiya məhkəmələrinin aparatında işləyəcək şəxslərin hansı prinsiplər əsasında seçiləcəyinə aydınlıq gətirən komissiya sədri deyib ki, onlar dövlət quluqçuları hesab olunurlar. Qanuna görə dövlət qulluqçuları test üsuli ilə işə qəbul olunurlar: "Digər dövlət qulluqçularına aid olan tələblər regional apellyasiya məhkəmələrinin işçilərinə də şamil olunacaq. Onlar test üsulu ilə işə qəbul olunacaqlar".

Regional apellyasiya məhkəmələrinin tərkibinin tam formalaşdırılmadığını bildirən komissiya sədri deyib ki, məhkəmələrdə 14 ştat olsa da, yalnız yeddi hakim təyin olunub. Onun sözlərinə görə, yaxın vaxtlarda prezidentin fərmanı ilə regional apellyasiya məhkəmələrinə təyin olunan hakimlərdən bir nəfər sədr təyin olunacaq.

Xəbər lenti

Xəbər lenti