...

Dövlət Komitəsinin sədri: "Ziyalılarımızın Qarabağa səfəri düzgün addım idi"

Cəmiyyət Materials 3 İyul 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu yaxınlarda bir qrup azərbaycanlı ziyalının Dağlıq Qarabağa və Ermənistana səfərini düzgün addım kimi qiymətləndirir. Bu barədə İbrahimov çərşənbə axşamı jurnalistlərə açıqlama verib.

İbrahimov qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqları gec-tez geri qaytarılacaq, amma dövlətimiz bu problemi sülh yolu həll etmək istəyir. Ona görə də Azərbaycanın heç zaman öz torpaqlarını güzəştə getməyəcəyini, erməni icmasının azərbaycanlılarla bir yerdə dinc şəraitdə yaşamasının onlar üçün daha faydalı olduğunu ermənilərə çatdırmaq lazımdır. Bunun üçün də ən yaxşı üsullardan biri ziyalılarımızın bu reallıqları ermənilərə çatdırmasıdır.

"Ermənilərin özləri üçün yaxşı olanı onlara başa salmaq üçün belə səfərlər lazımdır. Bunu ziyalılardan daha yaxşı heç kim izah edə bilməz. Hesab edirəm ki, bu səfər düzgün addımdır və gələcəkdə bu cür kontaktlar olmalıdır. Əlaqələr təbii ki, Azərbaycanın dövlət başçısının qurduğu tezislər əsasında, milli maraqlarımıza uyğun şəkildə olmalıdır" - deyə Komitə sədri qeyd edib.

İbrahimov əlavə edib ki, zamanı gələrsə, Azərbaycan Cənubi Qafqazda ən güclü dövlət kimi öz imkanlarından istifadə edib torpaqlarını işğaldan azad edə bilər.

Azərbaycanın bu israrlığını, öz torpaqlarını heç kimə bəxş etməyəcəyini cəmiyyətin bütün nümayəndələri ermənilərə çatdırmalıdır.

Xəbər lenti

Xəbər lenti