...

"Ömürlüklər" "Aqo" Qrupunun üzvləri ilə görüşmək istəyir

Cəmiyyət Materials 5 İyul 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların bir qrupunun valideynləri bu gün "Aqo" Qrupunun missiyası ilə görüşüblər. Ömürlük azadlıqdan məhrum edilmiş Dəyanət Kərimovun bacısı Nübar Qasımova cümə axşamı Trend ə bildirib ki, ölüm cəzası ömürlüklə əvəzlənmiş və hazırda Qobustan qapalı həbsxanasında cəza çəkən 87 məhkumun müraciətini avropalı ekspertlərə təqdim ediblər. "Ömürlüklər"in "Aqo" Qrupunun üzvləri ilə görüşmək istədiyini deyən Qasımova avropalı ekspertlərin səfər müddətində məhkumlarla görüşəcəklərini vəd etdiklərini bildirib.

Hazırda "ömürlüklər"in bir qrupu aclıq aksiyasını davam etdirir. Məhkumların qohumları Qobustanda 50-dən artıq ölüm cəzası ömürlüklə əvəzlənmiş məhkumun iyunun 18-dən aclığa başladığını bildiriblər.

Penitensiar Xidmətdən isə həbsxanada iyunun 20-dən 38 məhkumun aclığa başladığı və onlar arasında 2000-ci ildən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhkumların da olduğu deyilib. Onlar da ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumlar kimi cəzalarının 15 ilə endirilməsini tələb edirlər.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 87 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti