...

Məhkəmə sisteminin fəaliyyətinə həsr olunmuş Dəyirmi masa keçirilib

Cəmiyyət Materials 6 İyul 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun Azərbaycana səfəri çərçivəsində məhkəmə sisteminin fəaliyyətinə həsr olunmuş Dəyirmi masa keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə "Aqo" Qrupu nümayəndələri, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokuror Zakir Qaralov, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, ədliyyə naziri Fikrət Məmmədov iştirak edib. Ədliyyə naziri məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinə inamın gücləndirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verib. Məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, hakim korpusunda daha layiqli və hazırlıqlı şəxslərin təmsil olunması, beynəlxalq hüquq normalarının, mütərəqqi təcrübənin, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedent hüququnun öyrənilməsi və tətbiqi məqsədilə görülən ardıcıl tədbirlər diqqətə çatdırılıb.

"Aqo" Monitorinq Qrupu nümayəndə heyətinin rəhbəri Per Syöqren Azərbaycanın məhkəmə sistemində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən dəstəkləndiyini bildirib.Tədbirdə məhkəmə fəaliyyətinin səmərəliliyi, hakimlərin müstəqilliyi, peşəkarlığı, onların sosial müdafiəsi, məhkəmə qərarlarının icrası, vəkillik fəaliyyəti, hüquqi yardım sistemi və digər mövzular üzrə geniş müzakirələr aparılıb, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı konkret məsələlərə dair fikir mübadiləsi edilib.

Xəbər lenti

Xəbər lenti