...

Bakıda "Uşaqlar üçün yararlı dunya" adlı milli konfrans keçirilib

Cəmiyyət Materials 6 İyul 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul/müx.TrendLife Fərid Sadıxov/Bu gün "Gülüstan" sarayında BMT Baş Məclisinin "Uşaqlar üçün yararlı dünya" qətnaməsinin beş illiyi və bu sənəd əsasında Azərbaycanda həyata keçirilən məsələlərlə bağlı milli konfrans keçirilib. Tədbir Azərbaycan Hökuməti, UNİSEF, Avropa İttifaqı və Avropa Şurası ilə birgə təşkil olunub. Konfransda uşaq hüquqlarının təmin edilməsi və qorunması sahəsində Azərbaycanda görülən işlər, həyata keçiriləcək tədbirlərı müzakirə olunub.

Mərasimdə çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova uşuq hüquqlarının qorunması sahəsində Azərbaycanda görülən işlərdən, qəbul edilən qanunlardan söz açıblar.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Hana Singer, Avropa İttifaqının xüsusi nümayəndəsi Alan Uaddams, Avropa Şurası baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Denis Bribosia bildiriblər ki, təmsil etdikləri qurumlar uşaq hüquqlarının qorunması sahəsində daim ölkəmizə dəstək verəcək.

Daha sonra Azərbaycan Uşaq Parlamentinin sədri Taleh Əliyev və sədr müavini Fəridə Əliyeva çıxış edib. Onlar bu il iyunun 1-dən fəaliyyətə başlayan Uşaq Parlamentin məqsəd və vəzifələrindən danışaraq bildiriblər ki, Uşaq Parlamentinin məqsədi yaşı 18-dək olan uşaq və yeniyetmələrin onlara xas problemlərin həllində, qanunların qəbulunda iştirakını təmin etməkdir. T.Əliyevin sözlərinə görə, artıq Uşaq Parlamentinin müxtəlif sahələr üzrə 8 komissysı yaradılıb və ildə iki dəfə təşkilatın sessiyası keçiriləcək. O, narahatlıq doğuran problemlər sırasında uşaqların əməyə cəlb olunması, təhsildən yayınmaları, erkən nikah məsələlərinə diqqət yetirib.

Tədbirin sonunda Təhsil, Səhiyyə, Daxili İşlər nazirliklərinin nümayəndələri də uşaqlara aid məsələlərlə bağlı çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti