...

Almanıyada Avropa Azərbaycanlıları Konqresinin fəalıyyət proqramı təsdıq edılıb

Cəmiyyət Materials 7 İyul 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Almaniyanın Mayns şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin cümə günü iclası keçirilib. Mayns Bələbiyyasinin binasında keçirilən toplantıda bələdiyyə başçısı Yens Boytel çıxış edib,

Maynsda Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti üçün hər cür şərait yaradıldığını bildirib. O, Mayns şəhər bələdiyyəsinin nəzdindəki Azsaylı Xalqlar Məclisinə iki azərbaycanlının da üzv seçilməsini yüksək dəyərləndirib.

Daha sonra çıxış edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycan diasporu nümayəndələrinin yaşadıqları cəmiyyətlərdə daha yüksək mövqe tutmalarına yardım məqsədilə xüsusi proqramlar işlənib hazırlanıb.

AAK-ın II qurultayından keçən dövr ərzində görülən işlər barədə məlumat verən Konqresin prezidenti Natiq Ağamirov isə 2007-2009-cu illər üçün nəzərdə tutulan Fəaliyyət Proqramını müzakirəyə təqdim edib.

İclasda Fəaliyyət Proqramı təsdiqlənib və qərara alınıb ki, iki ay müddətinə bu sənəddən irəli gələn tədbirlər planı hazırlansın. Proqramdan irəli gələn vəzifələrin həyata keçirilməsini əlaqələndirmək İcraiyyə Komitəsinin üzvlərinə və AAK-ın Əlaqələndirici Katibliyinə həvalə edilib.

Katiblik hər ilin sonunda Fəaliyyət Proqramının və onun əsasında hazırlanmış Tədbirlər Planının icrası barədə hesabat hazırlayacaq.

AAK-ın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə Berlin şəhərində Konqresin Əlaqələndirici Katibliyinin ofisi yaradılacaq.

İclasda Avropa Azərbaycanlıları Konqresinin xüsusi mükafatı da təsis edilib.

Elə həmin tədbirdə AAK-ın internet saytının da təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti