...

Hüquq müdafiəçiləri Azərbaycanın insan haqları sahəsindəki problemləri AŞPA sədrinə çatdırıblar

Cəmiyyət Materials 9 İyul 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda insan haqlarının, söz azadlığının, vətəndaşların sərbəst toplaşmaq hüququnun pozulması halları hüquq müdafiəçilərinin AŞPA sədri Rene van der Lindenlə görüşündə müzakirə edilib. Bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan AŞPA sədri qeyri-hökumət təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri ilə də görüşüb. Görüşdə hüquq-müdafiə təşkilatlarının rəhbərləri - Səidə Qocamanlı, Sahib Məmmədov, Üzeyir Cəfərov, Elçin Behbudov, Eldar Zeynalov iştirak ediblər.

Azərbaycanda yeddi nəfər jurnalistin həbsdə olması, müxalifətin sərbəst toplaşmaq hüququndan istifadə edərək aksiyalar keçirməsinə maneələr yaradıldığı, seçki komissiyalarının hələ də paritet formalaşmadığı Lidendin diqqətinə çatdırılıb. Hüquq müdafiəçiləri bildiriblər ki, 2003-cü ilin oktyabrında prezident seçkisindən sonra baş vermiş qarşıdurmalar zamanı zorakılığa yol verən polislər hələ də cəzalandırılmayıb. Bu da növbəti seçkilərin demokratikliyinə indidən şübhələr yaradır. Hüquq müdafiəçiləri bəzi xəstə məhbusların azadlığa buraxılmamasından da şikayətləniblər.

"AŞPA sədri bildirdi ki, Azərbaycanda yeni seçkilər ərəfəsində baş verən hadisələri ciddi şəkildə nəzarətdə saxlayır. Həmçinin Linden dedi ki, Avropa Şurasının Venesiya Komissiyası ilə birgə Azərbaycanın Seçki Məcəlləsinin dəyişdirilməsinə nail olmağa çalışacaq. Eyni zamanda hökumət nümayəndələri ilə görüşdə jurnalistlərin azadlığa buraxılması məsələsini qaldıracaq" - deyə Qocamanlı məlumat verib.

O əlavə edib ki, hüquq müdafiəçiləri 10-15 gün əvvəl Strasburqda olarkən eyni problemləri Lindenlə müzakirə ediblər. Bakıdakı görüşdə isə həmin müzakirələr davam etdirilib: "Linden dedi ki, bütün bu problemlərdə yeni bir şey görmürəm, mənə ancaq köhnə dərdlərdən danışırsız. Biz də dedik ki, Azərbaycanın eyni problemləri neçə illərdir davam edir" - deyə Qocamanlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti