...

Avropa Məhkəməsinin hakimi: "Ömürlüklərin problemi milli qanunvericiliklə həll olunmalıdır" (video)

Cəmiyyət Materials 9 İyul 2007 13:48 (UTC +04:00)
Avropa Məhkəməsinin hakimi: "Ömürlüklərin problemi milli qanunvericiliklə həll olunmalıdır" (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların problemi milli qanunvericiliklə həll olunmalıdır. Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev bazar ertəsi Trend in sualına cavab olaraq bildirib ki, Avropa Məhkəməsi bu problemi Avropa Konvensiyasına uyğun həll edib: "Bu o demək deyil ki, həmin problem milli qanunvericiliklə həllini tapa bilməz. Qaldırılan problem Avropa Məhkəməsinə aid deyil. Azərbaycan Konstitusiyası, qanunları çərçivəsində ona baxıla bilər".

Ali Məhkəmənin sədri Ramiz Rzayev isə bildirib ki, ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların işinə fərdi qaydada baxıla bilər: "Məhkəməyə aclıq keçirməklə, ya da başqa yolla təzyiq etmək olmaz. Bu məhkumlar işlərinə yenidən baxılması üçün məhkəməyə müraciət etməlidirlər. Mətbuatda bəzən yanlış məlumatlar verilir. Belə ki, guya belə məhkumlardan ikisinin cəzası 15 ilə endirilib. Əslində həmin şəxslər barəsində qərar qəbul edərkən məhkəmə səhvə yol verib. Qanuna görə, ölüm cəzsı verilərkən hakimlərdən biri xüsusi rəydə qalarsa, bu cəza verilə bilməz. Həmin məhkumlarla bağlı qərar qəbul edilərkən hakimlərdən biri xüsusi rəydə qalıb. Ali Məhkəmə də həmin səhvi düzəldib".

Bir müddət öncə Qobustan qapalı həbsxanasında cəza çəkən "ömürlüklər"in bir qrupu cəzalarının 15 illə əvəzlənməsi tələbi ilə aclıq aksiyasına başlamışdı.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti