...

"Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru barəsindəki kassasiya şikayəti icraata götürülüb

Cəmiyyət Materials 10 İyul 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru barəsindəki kassasiya şikayəti icraata götürülüb. Ali Məhkəmədən çərşənbə axşamı Trend ə bildirilib ki, Eynulla Fətullayevin kassasiya şikayəti hakim Müzəffər Ağazadənin icraatına verilib. İş icraata yeni verildiyindən hazırlıq iclasının vaxtı müəyyənləşdirilməyib. Baş redaktor barəsindəki hökmün ləğv olunmasını və ona bəraət verilməsini xahiş edir.

"Qarabağ gündəliyi" adlı məqaləsində xocalıları təhqir etməkdə ittiham olunan Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.

Fətullayevə qarşı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəllsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. O, hazırda MTN-in istintaq təcridxanasında saxlanılır.

Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir. Sonuncu dəfə "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə 2 il 6 ay müddətinə azdlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti