...

Azərbaycan Avropa Məhkəməsinin Sərdar Cəlaloğlu ilə bağlı qərarını icra edib

Cəmiyyət Materials 11 İyul 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İnsan Hüquq və Azadlıqları üzrə Avropa Məhkəməsinin Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin şikayəti ilə bağlı qərarı Azərbaycan dövləti tərəfindən icra olunub. Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov çərşənbə günü Trend ə bildirib ki, aprelin 11-də qüvvəyə minən qərarla Sərdar Cəlaloğluna ödənilməli olan maddi təzminat onun hesabına köçürülüb.

Əsgərov həmçinin qeyd edib ki, Nabat Ramazanova və digərlərinin işi ilə bağlı qərarın icrası isə avqustun 1-də başa çatacaq. Hazırda bu qərın icrası ilə bağlı müvafiq tədbirlər görülür. Azərbaycana qarşı Tarverdiyevin şikayəti ilə bağlı çıxarılan dördüncü qərar isə 3 aydan sonra hüquqi qüvvəyə minəcək.

Cəlaloğlu isə Trend ə bildirib ki, Avropa Məhkəməsinin qərarında təzminatla bağlı hissə icra olunub. Ona işgəncə verən və barəsindəki işə baxan hakimlər cəzalandırılmayıb: "Bu barədə Ali Məhkəməyə müraciət etmişəm. Əgər Ali Məhkəmə müraciətimə müsbət cavab verməsə, BMT-nin İnsan Haqları Komitəsinə işgəncələrlə bağlı qətnamənin icra olunmamasından şikayət edəcəm". ADP sədri Ali Məhkəməyə müraciətində ona işgəncə verən şəxslərin adlarını qeyd etdiyini bildirib.

Bu il yanvarın 11-də Avropa Məhkəməsi Cəlaloğlunun şikayəti ilə bağlı qərar qəbul edib. Qərarda Avropa Konvensiyasının 3-cü maddəsində (işgəncələrin qadağan olunması) nəzərdə tutulan hüququn pozuntusu qeyd olunub və Azərbaycan dövləti tərəfindən bu hüququn pozuntusuna görə Cəlaloğluna 10 min avro məbləğində təzminat ödənilməsi nəzərdə tutulub.

Azərbaycan Avropa Məhkəməsinin Fəhmin Hacıyevlə bağlı qərarını da artıq icra edib.

Xəbər lenti

Xəbər lenti