...

Məlahət Abbasova Nargiləni səhnəyə qaytaracaq

Cəmiyyət Materials 14 İyul 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /müx. "TrendLife" Günel Əhmədova/

İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasındakı Nargilə obrazı ilə böyük səhnəyə ilk addımlarını atan, Akademik Milli Dram Teatrında çalışdığı illərdə Türkiyəyə tez-tez səfər edən Məlahət Abbasovanın günlərin birində səsi qonşu ölkənin səhnəsindən gəldi. Artıq 10 ildən çoxdur ki, Məlahət xanım türk dövlətinin teatr və kino sənətinə xidmət edir. Onunla internet vasitəsilə kiçik söhbətimiz olub. "TrendLife" həmin söhbəti diqqətinizə çatdırır.

"Sonuncu uğurlu işimə bir neçə ay öncə xalq yazıçısı Elçinin "Qatil" əsərini səhnələşdirməklə imza atmışam. İstanbulun Böyükşəhər Bələdiyyəsi Teatrında nümayiş etdirilən tamaşa hələ də sənət ocağının repertuarındadır. Artıq bu tamaşa ilə bir neçə ölkədən dəvətlar almışıq. Həmin ölkələr arasında Azərbaycan da var. Elçin müəllimlə bir müddət əvvəl bu barədə söhbətimiz olub" - deyə o, bizə bildirdi.

Yaradıcılığının digər qollarından da danışan Abbasova çəkilişləri mövsümlə əlaqədar dayandırılan "Min bir gecə" serialı barədə də söhbət açdı. Xatırladaq ki, həmin serialda aktrisa xəstə uşağa donorluq edən və sonradan həmin uşağın ailəsinin bir üzvünə çevrilən Mehriban adlı azərbaycanlı qadının obrazını yaradır. Abbasova dedi ki, həmin ekran işinə onu flmin rejissoru dəvət edib: "Yaradıcı heyətlə filmdəki kimi həyatda da mehribanıq. Amma nə baş rolun oyunçuları, nə də mən serialın sonluğunu bilmirik. Türkiyənin kino aləmində belə bir qanun var, aktyor heyətinə filmin sonluğu heç vaxt deyilmir. Tamaşaçı kimi onu da obrazın taleyi maraqlandırır. Mehriban haqqında isə onu deyə bilərəm ki, bu obraz filmin sonuna qədər oynayacaq".

"Sən həmişə mənimləsən" tamaşasındakı Nargilə obrazı ilə türkiyəli tamaşaçıların da tanış olduğunu xatırladan aktrisa belə bir açıqlama da verdi. Dedi ki, əsər onun quruluşunda ikinci dəfə səhnə həyatı yaşayacaq: "Bu obraz gənc tələbə qızın məşhurlaşmasında böyük rol oynayıb. Əsəri Türkiyənin teatr səhnəsinə qaytarmağı düşünürəm. Nargilə rolunda kimin iştirak edəcəyini hələ müəyyənləşdirməmişəm. Amma bir rejissor olaraq tamaşanın növbəti uğuruna imza atacağına əminəm. Hələlik truppanı müəyyən edirəm. Növbəti teatr mösümündə məşqlərə start veriləcək. Düşünürəm ki, tamaşa hazır olan kimi Azərbaycana gəlib, həmvətənlərim üçün də bu əsəri təqdim edəcəm".

Xəbər lenti

Xəbər lenti